“2014-cü ildən bəri itkin düşmüş şəxslərin yaxınlarından 11 mindən çox bioloji nümunələr götürülüb”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin rəisi, general-mayor Rüfət Əliyev Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, həmin nümunələr məlumat bankına qoyulub: “2020-ci il Vətən Müharibəsi və daha sonra antiterror əməliyyatlarından sonra itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı yeni imkanlar yaradılıb. 2022-ci ildə dövlət büdcəsindən pul ayrıldı və DTX-nin Hərbi-tibb baş idarəsində Genetik araşdırmalar mərkəzi ən müasir avadanlıqlarla təchizatlandı.
2022-ci ildən itkin düşmüş şəxslərlə bağlı götürülən bioloji nümunələr DTX-nin Genetik araşdırmalar mərkəzində araşdırılmağa başlandı. Müharibədən sonra kütləvi məzarlıqlardan çıxan insan sümüklərindən götürülən bioloji nümunələr mərkəzə təhvil verilib. Son dövrlər çox ciddi nəticələr alınıb”.
General-mayor qeyd edib ki , DTX-nin Hərbi-tibb baş idarəsi son itkin düşmüş şəxsin kimliyi müəyyən olunan qədər bu fəaliyyəti davam etdirəcək.
Bizim.Media