“Eldən daha bir nəhəng sənətkar getdi. Sənətin, səhnənin, şeiriyyatın fövqündə dayanan bir sənətkar!” –
Bizim.Media xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Saleh Bağırov Azərbaycanın xalq artisti Əminə Yusifqızının vəfatı ilə əlaqədar bildirib. O, qeyd edib ki, poeziyanı Ə.Yusifqızının səsində sevdiyi üçün onun qiraətindən sonra başqa heç bir təqdimatı qəbul edə bilməyib.
“Çox doğma, sıx və pünhan ünsiyyətimiz var idi. Bunu hər kəs bilirdi. Görünür ona görə hamı xəbərin dəqiq olub-olmaması ilə bağlı məni axtardı... Sirdaş idik. Son illər tez-tez baş çəkirdim, hal-əhval tuturdum, söhbət edirdik. Səninlə danışanda gəncləşirəm deyirdi... Yaşadığı, danışdığı həyatı bir roman, bir kitab idi sözün əsl mənasında. O qədər duyğulu, həyəcanlı və xoşbəxt anları ilə dolu idi ki xatirələri...”
Qeyd edək ki, bu gün vəfat edən Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda doğulub. 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Dublyaj, səsləndirmə sahəsində də fəaliyyətləri mövcuddur. Bədii qiraət ustası kimi tanınır.
"Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. filmlərdə, televiziya tamaşalarında çəkilib.
Şəfiqə Şəfa, Bizim.Media