“Enerji idarəetmə sistemləri, nəqliyyat şəbəkələri, səhiyyə və təhsil kimi strateji sahələrdə tətbiq olunan rəqəmsal texnologiyalar kibermühitdə potensial hədəflərə çevrilə bilər”.
Bizim.Media xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC-2025) tədbiri çərçivəsində keçirilən konfransda deyib.
Onun sözlərinə görə, kibertəhlükəsizlik artıq milli təhlükəsizlik məsələsinə çevrilməkdədir:
"Hazırda enerji idarəetmə sistemlərindən tutmuş nəqliyyat şəbəkələrinə, səhiyyədən təhsil sistemlərinə qədər bir çox sahə sürətlə rəqəmsallaşır. Lakin bu sistemlərin hər biri kibermühitdə potensial hədəfə çevrilə bilər. Bu baxımdan keçiriləcək "Ağıllı şəhərlərdə kibermüharibə" yarışı xüsusi əhəmiyyət daşıyır. Bu yarış rəqabət platforması olmaqla yanaşı, həm də öyrənmək, təcrübə toplamaq və əməkdaşlığı gücləndirmək üçün mühüm fürsətdir".
İ.Musayev qeyd edib ki, son illər dünyada və bölgədə baş verən geosiyasi və texnoloji proseslər informasiya təhlükəsizliyini və kritik infrastrukturların müdafiəsini dövlətlərin milli təhlükəsizlik gündəliyinin əsas istiqamətlərindən birinə çevirib:
"Məhz bu baxımdan CIDC-2025 çərçivəsində təşkil olunan tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Burada kritik informasiya sistemlərinin kibermüdafiə qabiliyyətinin artırılması, böhran vəziyyətlərində idarəetmə ssenarilərinin simulyasiya olunması və yeni texnoloji yanaşmaların tətbiqi həyata keçirilir".
O vurğulayıb ki, bu platforma Azərbaycanın kibertəhlükəsizlik sahəsində qabaqcıl mövqeyini daha da möhkəmləndirməklə yanaşı, yeni imkanlar və tendensiyaların formalaşmasına da təkan verir.
Bizim.Media