İstiqraz bazarında YENİ MODEL – “Bu halda mənfəət əldə edə bilməyəcəklər”

İstiqraz bazarında YENİ MODEL – “Bu halda mənfəət əldə edə bilməyəcəklər”

Hazırda oxunan: İstiqraz bazarında YENİ MODEL – “Bu halda mənfəət əldə edə bilməyəcəklər”

574342

Azərbaycanda İslam istiqrazlarının – sukukun tətbiqi üçün hüquqi və tənzimləyici çərçivə hazırlanır. Layihə Azərbaycan Mərkəzi Bankının müraciəti əsasında İslam İnkişaf Bankı İnstitutu (IsDBI) tərəfindən İslam maliyyəsi qrantı hesabına həyata keçiriləcək.

Layihə nədən ibarətdir?

Layihə çərçivəsində Azərbaycanda sukuk və digər İslam maliyyə məhsullarının buraxılışını tənzimləyən qanunvericilik bazası hazırlanacaq, maliyyə institutlarının risklərin idarə olunması sahəsində potensialı gücləndiriləcək, İslam maliyyəsinin inkişafını izləmək üçün monitorinq mexanizmi yaradılacaq və yekunda ölkənin ilk sukuk emissiyası həyata keçiriləcək.
 

Layihə çərçivəsində Azərbaycanın kapital bazarının hazırkı vəziyyəti qiymətləndiriləcək, Malayziya, İndoneziya, Bəhreyn, BƏƏ, Qazaxıstan, Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələrin təcrübəsinə əsaslanan benchmark araşdırması aparılacaq. Daha sonra Milli Sukuk Çərçivəsi, Şəriət və korporativ idarəetmə qaydaları hazırlanacaq. Bununla bağlı tədbirlərin icrası 15 ay müddətində həyata keçiriləcək.


Qeyd edilib ki, bu təşəbbüs Azərbaycanın maliyyə sektorunda ilk dəfə İslam istiqrazlarının tətbiqini təmin etməklə, kapital axınını artırmağa, investor bazasını genişləndirməyə və infrastruktur layihələrinin maliyyələşdirilməsinə şərait yaradacaq.

“Mənfəət olmasa...”

Mövzu ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov Bizim.Media-ya bildirib ki, İslam istiqrazı- sukuk adi istiqrazdan onunla fərqlənir ki, adi istiqraz əslində faizli borcdur:

“Tutaq ki, hansısa şirkət istiqraz buraxırsa, həmin şirkət fəaliyyətinin uğurlu-uğursuz olmasından asılı olmayaraq istiqraz sahibinə faiz ödəməlidir. İslam istiqrazı-sukukda isə məsələ belədir ki, istiqraz alan şəxs, istiqraz satan şirkətin qazancında payçı olur. Şirkətin mənfəəti olacaqsa, sən də həmin mənfəətdən müəyyən pay alacaqsan. Mənfəət olmayacaqsa, o zaman heç bir qazanc əldə edə bilməyəcəksən. Təbii ki, İslam istiqrazlarında yüksək şəffaflıq lazımdır. Çünki istiqraz buraxan şirkət maraqlı ola bilər ki, qazancını gizlətsin”.

Müsahibimiz hesab edir ki, İslam istiqrazı-sukuka keçid Azərbaycanda çoxdan reallaşdırılmalı idi:

“İslam maliyyə alətlərinə sukukdan başlanması müsbət hadisədir. Amma onun nə qədər uğurlu olacağını zaman göstərəcək. Hər şey şəffaf olsa, uğur qazanmaq mümkündür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO