Azərbaycanda ikinci dəfə “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) kiberfestivalı keçirilir.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, iki gün ərzində baş tutacaq tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə həyata keçirilir.
Kiberfestivalda daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və digər rəsmi şəxslər iştirak edir.
Tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayevin açılış nitqi ilə başlayıb. Xidmət rəisi “CIDS-2025”in təşkili və əhəmiyyəti barədə danışıb, tədbiri dövlət, özəl sektor, təhsil müəssisələri və beynəlxalq tərəfdaşlıq üçün dəyərli platformanın möhkəmləndirilməsi kimi qiymətləndirib.
İlqar Musayev çıxışının davamında bəzi önəmli statistikalardan söz açıb. Onun sözlərinə görə, təkcə son bir ildə rəhbəri olduğu Xidmət tərəfindən dövlət qurumlarının informasiya sistemlərində 3000-dən artıq audit və monitorinq icra edilib, aşkarlanan yüzlərlə kiberinsidentin qarşısı alınıb. Qeyd edib ki, bu gün artıq 150-dən çox dövlət qurumu özünün daxili informasiya təhlükəsizliyi təlimatını təsdiq edərək praktiki tədbirlərə başlayıb.
Xidmət rəisi builki festivalda “Ağıllı şəhərlərdə kibermüharibə” yarışması ilə yanaşı kibertəhlükəsizlik üzrə konfrans, “Hack The Future 2” təlimləri və kibertəhlükəsizlik üzrə ən son texnologiyalar və tendensiyalar birləşdirən kibertəhlükəsizlik həlləri sərgisi təqdim ediləcəyini də qeyd edib.
Bizim.Media