Deyirlər ki, insan adları da geyim kimidir, bəzən insana tam uyğun, bəzən isə kiçik ya da böyük qala bilər. Ümumiyyətlə, adların insan taleyinə, həyatına böyük təsirinin olduğu hələ keçmiş zamanlardan bəllidir. Hətta adların mənalarını, insan həyatında rolunu öyrənən elm də var ki, o "huruf" adlandırılır.
Buna görə də qədim Misirdən Roma İmperatorluğuna qədər bütün cəmiyyətlər elmi hurufla yaxından maralanıblar. Romalılar "nomen est omen" yəni "adımız taleyimizdir" ifadəsini də boşuna işlətmirlər.
Mütəxəssislərin sözlərinə görə, uşaqlara ad seçərkən adın gözəlliyindən çox, uşağın taleyinə necə təsir edəcəyini öyrənmək lazımdır.
ABŞ-da psixoloqların araşdırmasına əsasən adı “Uğur” olan uşaqların həyatda “uğursuzluqlara” düçar olduğu, üstəlik zərərli vərdişlərə qurşandığı sübut edilib. Əslində “Uğur” adı gözəl ad olmasına baxmayaraq, uşaq üçün uyğun isim deyil.
MÖVZU İLƏ BAĞLI:
Ötən il Azərbaycanda körpələrə qoyulan qəribə ADLAR – Dərdayıl, Diliş, Gil...
Niyə? Çünki, bu isim uşağı həddindən artıq “hərəkətləndirən” (hərəkətə sövq edən) addır. Yəni uşağa hər dəfə “Uğur” deyə xitab edildikdə, uşaq etiyi işlərin hamısında “uğurlu” nəticələr əldə edəcəkmiş kimi düşünməyə və psixologiyasında “hərəkətləmə” hiss etməyə başlayır. Bu da uğursuzluq yaşayanda ciddi psixoloji travmalar almağına səbəb olur.
Psixoloq Fərqanə Mehmanqızı Bizim.Media-ya açıqlamasında ümumiyyətlə sözün gücündən və onun enerjisindən danışıb:
"Söz tanrıdan bizə verilmiş böyük möcüzə, qüvvədir. Onun enerjisi insanların həyatına, psixoloji alyansına, dünya görüşünə, əhval-ruhiyyəsinə çox təsir edir. Hətta uşaq vaxtında əzizləmək üçün deyilən hər hansı heyvan adı ilə bağlı olan ifadələr, adlar şüuraltında mənfi fikirlər formalaşdıra bilər. Bəzi cansız varlıqların adlarıya da uşağa xitab etmək doğru deyil.
İnsanlara qoyulan bəzi gülünc adlar var ki, onları tanımadığı şəxslər və müxtəlif insan çevrəsində çətin, gülünc hala salır. Bəlkə də həmin adam çox savadlı, dünyagörüşlü, işinin peşəkardır. Amma adı insanları qıcıqlandıra, fərqli düşünməyə sövq edə bilər. Bütün valideynlər öz övladına “ən gözəl” adı qoyduğunu düşünür. Ancaq burada bir xüsusu vurğulamalıyıq, ola bilər ki, uşağa qoyulan gözəl ad onun xarakteri ilə düz gəlməsin".
Psixoloq valideynlərin uşağa ad qoyarkən 10-15 il sonra onun öz adıyla fəxr edəcəyi və ya utanacağını da nəzərə almalı olduğunu diqqətə çatdırıb:
"Bir vaxtlar insanlara qoyulan bəzi adlar var ki, həmin şəxslər bu gün öz adlarından utanırlar. Bu adlara Kombayn, Kolxoz, Traktor adlarını misal vermək olar.Nəticə etibarilə deyə bilərik ki, adın insan xarakterinə təsiri danılmazdır. Bu səbəbdən də uşağa ad qoyarkən həmin adın milli-mənəvi dəyərlərə uyğunluğuna, həmçinin mənəviyyat böyüklərinin, nümunəvi insanların adlarına üstünlük verilməlidir".
Səkinə Yusibli, Bizim.Media