Qalmaqal yaradan Orfoqrafiya lüğətinin elektron variantı niyə YOXDUR? – İnstitutdan AYDINLIQ gətirildi

Qalmaqal yaradan Orfoqrafiya lüğətinin elektron variantı niyə YOXDUR? – İnstitutdan AYDINLIQ gətirildi

Hazırda oxunan: Qalmaqal yaradan Orfoqrafiya lüğətinin elektron variantı niyə YOXDUR? – İnstitutdan AYDINLIQ gətirildi

56524

Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən “hörümçək” sözünün çıxarılaraq “spayder” ifadəsi ilə əvəz edilməsi məsələsindən sonra Orfoqrafiya lüğətinin elektron variantının olmaması aktuallaşıb. Dilçi alimlər Orfoqrafiya lüğətinin elektron bazasının olmamasını Azərbaycan kimi bir ölkədə ciddi problem kimi dəyərləndiriblər.

Lüğətin elektron variantının hər kəs üçün əlçatan olmasını vacib sayan ekspertlər əks təqdirdə ciddi problemlərin olacağına işarə ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan dilinin Orfoqrafiya lüğəti yenidən nəşr olunacaq


Məsələ ilə bağlı AMEA-nın nəzdindəki Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli Bizim.Media-ya açıqlamasında deyib ki, lüğətin elektron variantının çıxarılması yaxın gələcəkdə nəzərdə tutulur:

“Sadəcə lüğətin pdf forması hazırlanıb ki, istifadəçilər Azərbaycan İnformasiya bazasında bundan məlumatlı ola bilərlər. Elektron variantı olması üçün isə dil korpusu yaradılmalıdır. Bu, böyük bir işdir. Bizdə də korpus dilçilik şöbəsi var, amma kiçik heyətlə fəaliyyət göstərir. Bunu bəzi ölkələrdə bütöv institutlar işləyirlər. Elektron variant müasir dilçiliyin yeni sahələrindən biridir və inşallah biz də bunu yaradacağıq. Sizlə razılaşıram. Bu, çox vacib məsələdir. Özümüzün də bəzən elektron varianta ehtiyacımız olur.
 

Çünki istənilən sözün bazası, frazaloji birləşmə və bütün səviyyələrdə mənası elektron variantın axtarış sistemində çıxır. Həm də rahatdır”. 


Müzakirələrə səbəb olan Orfoqrafiya lüğətinin sonuncu variantındakı düzəlişlərə gəlincə, Baba Məhərrəmli qeyd edib ki, bu il lüğət yeni təkmilləşdirilmiş formada çap olunacaq:

“Sonuncu nəşrdə texniki səhv olub. Onu aradan qaldırmaq üçün kitab yenidən çap olunacaq. Onsuz da nəşr olunan variant cəmi 500 nüsxədən ibarətdir. Əslində bu kifayət qədər nüsxə ilə çıxmalı və hər birinin masaüstü kitabı olmalıdır. Ümumilikdə lüğətin tərtib olunmasında toplam 11 nəfər çalışır. Yeni lüğət daha çox nüsxə ilə çıxacaq və bunun üçün tələbat da var”. 

Xatırladaq ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 5 ildən bir hazırlanır. Lüğət sonuncu dəfə ötən il çap olunmuşdu.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO