“Təhsil Nazirliyi şəhidlərə hörmətsizliyə görə xalqdan üzr istəməlidir” - TƏLƏB

“Təhsil Nazirliyi şəhidlərə hörmətsizliyə görə xalqdan üzr istəməlidir” - TƏLƏB

Hazırda oxunan: “Təhsil Nazirliyi şəhidlərə hörmətsizliyə görə xalqdan üzr istəməlidir” - TƏLƏB

56112

Bakıda orta məktəblərin rus bölmələri üçün yazılmış 4-cü sinif  "Rus dili" dərsliyində 1990-cı il 20 Yanvar Bakı qırğını ilə bağlı yol verilən ciddi təhriflə bağlı məsələ aktual olaraq qalır. “Şərq-Qərb” nəşriyyatı yol verilən xəta ilə bağlı 2019-cu ildə hazırlanmış bu dərsliyin elektron variantında müvafiq dəyişikliklərin ediləcəyini açıqlasa da, dərslikdə yalnışlığın necə düzələcəyi barədə məsələyə toxunmayıb. 

Təhsil eksperti Elşən Qafarov Bizim.Media-ya açıqlamasında Rus dili dərsliyindəki biabırçılığa və şəhidlərimizə hörmətsizliyə görə Təhsil Nazirliyinin xalqdan üzr istəməsini tələb edib:
 

MÖVZU İLƏ BAĞLI:

Rus dili dərsliyində "20 Yanvar" faciəsinin təhrif olunması ilə bağlı RƏSMİ AÇIQLAMA 


“Dərslik sıradan bir məsələ deyil, onun hazırlanmasına aylarla vaxt gedir. Hər bir kitab ən azı 20 min tirajla çap olunur və dövlət vəsaiti gedir. Bu vəsait isə insanların verdiyi vergilərdən formalaşır. Müəllif yazsa da, dərslik qiymətləndirmə komissiyaları və işçi qruplarının rəylərindən sonra çapa gedir. 3 ay ərində dərslik qiymətləndirmə komissiyasında ən azı 7 nəfərin əlindən keçir. Problem ondadır ki, Təhsil Nazirliyində dərsliyi qiymətləndirmə komissiyaları formal təşkil olunur. Oxumadan, baxmadan təsdiqləyirlər və çapa göndərilir. İstənilən halda məsuliyyəti Təhsil Nazirliyi daşıyır”. 

Ekspertin fikrincə nazirlik bundan əvvəlki və hazırki qüsurları nəzərə alıb, qiymətləndirmə komissiyalarına peşəkarları seçməlidir:

“Bu, ictimai-əsaslı iş olmamalıdır. Çox yaxşı, peşəkar müəllimlərimiz var ki, gözəl dərslik yaza bilərlər. Amma onlar heç vaxt tenderin qalibi olmur. Tenderdə qalib olmaq üçün hökmən Təhsil Nazirliyinin funksional rəhbərliyində tanış olmalıdır. İndiyədək dərsliklərdə müxtəlif jarqonlar, nöqsanlar aşkar etmişdik. Amma bu dəfə 20 yanvar gecəsi ilə bağlı xalqın silahlı quldur, cinayətkar kimi təqdim edilməsi bağışlanmazdır.

Bu, artıq pik həddədir. Elektron variantda və ya dərslikdə düzəlişdən öncə Təhsil Nazirliyi xalqdan üzr istəməli idi. Çünki böyük cinayət və şəhidlərin ruhuna hörmətsizlik olunub”.


Xatırladaq ki, dərslikdə 20 Yanvar faciəsi ilə bağlı yazılmış mətndə qeyd edilir ki, Bakıda həmin qanlı gecədə şəhid olmuş dinc sakinlər guya sovet ordusu ilə AXC silahlı dəstələri arasında baş verən atışmada həlak olub.

Tarixin təhrif olunması ciddi tənqid edilib və Azərbaycanın qəhrəmanlıq səhifəsinə, müstəqillik uğrunda canından keçən şəhidlərimizin ruhuna hörmətsizlik kimi qiymətlındirilib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO