Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində tələbələrin təhsil borclarının açıq şəkildə yayılmasına görə məsuliyyət daşıyan şəxslər cəzalandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətinin rəhbəri Şəhanə Müşfiq məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Bu universitetdə təhsil haqqı borcu olan tələbələrin adları divara vuruldu - FOTO
O bildirib ki, sözügedən dekanlıqdaxili sənəd vatsap qrupları vasitəsilə yayılıb:
“Dekanlığın tyutoru özbaşına olaraq imtahanöncəsi tələbələri məlumatlandırmaq məqsədilə onların ümumi vatsap qruplarına atıb. Əslində tyutor çox böyük səhv edib. Rəhbərlik onun bu addımına qarşıdır.
Həmin siyahı da məhz oradan yayılıb. Hansısa tələbənin divardan çəkib siyahını yayması məsələsi yoxdur. Çünki belə bir siyahı ümumiyyətlə divardan asılmayıb. Biz açıqlamamızda da bunu bildirmişdik. Məlumat yayılan kimi rəhbərlik operativ şəkildə həmin günün səhəri məsələni aydınlaşdırdı. Rəhbərlik tərəfindən tyutora və dekana təqdimat yazıldı və onlar şiddətlə töhmətlə cəzalandırılıb”.
Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə təhsil borcları olan şəxslərin adlarının yer aldığı siyahının universitetin divarında nümayişi sosial şəbəkələrdə etirazla qarşılanıb.
Bu addım şəxsiyyətin alçaldılması kimi dəyərləndirilib. Fotosu paylaşılan kağız vərəqdə tələbələrin adları ixtisasları üzrə qeyd edilmişdi.
Bizim.Media