Azərbaycan tolerant ölkədir. Və dinlərə hörmət həm də onların məzhəb və təriqətlərində də hiss olunur. Ölkədə dağ yəhudiləri kimi, digər yəhudilərin də ibadəti üçün sinaqoqlar var.
Elə Bakının özündə həm pravoslav, həm də katolik kilsələri görmək olar. Bunu islam dininə aid təriqətlərdə sezmək mümkündür.
Yəni, Azərbaycan dünyanın tək-tük ölkələrindəndir ki, burada eyni məsciddə həm sünnilər, həm də şiələr müsəlman kimi ibadət edə bilirlər.
Bizim.Media mövzu ilə bağlı Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyevin özəl cavabını alıb.
Deputat əvvəlcə bildirib ki, Azərbaycan xalqı tolerantlığı özünün güc mənbəyinə çevirib:
"Söhbət müsəlmanlardan gedirsə, təkcə ölkənin ziyalı kəsimi yox, az-çox dünyagörüşü olan kimdən soruşsan ki, sünnisən, yaxud şiə? Yumşaq desək, həmin adam bu sualı korrekt (ədəbli, nəzakətli) saymayacaq. Çünki Azərbaycan əhalisinin dünyagörüşlü hissəsi özünü sadəcə müsəlman sayır. Onlar sünni-şiə bölgüsünə qarşıdır, məzhəb ayrı-seçkiliyini qəbul etmək istəmirlər. Azərbaycanda elə şiə ailəsi tanıyıram ki, övladına Ömər, elə sünni ailəsi tanıyaram ki, oğullarına Əli adını verirlər. Əli Ömər adını qoşa qoyanlar da var. Bunun özü artıq çox şey deməkdir".
Millət vəkili əlavə edib ki, Azərbaycanda etnik zəmində də eyni proseslər gedir:
"Ulu Öndər azərbaycançılığı elə belədən dövlət ideologiyası etməyib. Əslində digər Qafqaz xalqlarından fərqli olaraq coğrafiyamız bizə həm bir-birimizə, həm də digər etnik qrupların təmsilçilərinə yanaşmamızda tolerant olmağımızı diktə edir. Coğrafi determinizm nəzəriyyəsi var, azərbaycanlılar davranışları ilə həmin nəzəriyyənin doğruluğunu bir daha təsbit edirlər. Qafqazın digər yerlərindən fərqli olaraq, belə deyək, bizdə sərt relyeflər çox azdır. Azərbaycan əsasən düzənliklərdən ibarət bir ölkədir. Bu da xalqın xarakterinə hopub".
Sonda Quran kitabından məzhəb ayrılmalarına qarşı olan bəzi ayələri təqdim edirik:
Bəqərə 85.
Siz kitabın bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir.
Ali İmran 103.
Hamılıqla Allahın ipinə möhkəm sarılın və firqələrə bölünüb bir-birinizdən ayrılmayın. Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız.
Ali İmran 105.
Allah tərəfindən açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın. Onlar böyük bir əzaba düçar olacaqlar.
Rum 32.
O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular. Hər bir firqə öz dininə öz dininin haqq olduğuna sevinər.
Ənam 153.
Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan sapdıracaq yollara uymayın. Allah sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz.
Ənam 159.
Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. Allah sonra onlara nə etdiklərini bildirəcəkdir.
Ənbiya 93.
Amma insanlar din barəsində öz aralarında firqələrə bölünüb parçalandılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar.
Muminun 53.
Amma onlar öz dinini aralarında parçalayıb firqə-firqə oldular. Hər firqə öz dininə sevinir.
Zuxruf 65.
Amma onların içərisindən çıxan firqələr arasında ixtilaf düşdü. Acı bir günün əzabından vay o zülm edənlərin halına.
Şura 13.
Allah: “Dini doğru-dürüst tutun, onda ayrılığa düşməyin”-deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanun etdi. Sənin dəvət etdiyin müşriklərə ağır gəldi. Allah istəyən kimsəni özünə seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:00 / 09.01.2022
Sahib Alıyev: "Azərbaycanlılar əraziləri kimi mehriban və tolerantdırlar”
Hazırda oxunan: Sahib Alıyev: "Azərbaycanlılar əraziləri kimi mehriban və tolerantdırlar”
Hazırda oxunan: Sahib Alıyev: "Azərbaycanlılar əraziləri kimi mehriban və tolerantdırlar”
54421
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.