Köhnə avtomobillər BU TARİXDƏN “metallom”a göndəriləcək – Hibrid avtomobillər zamanı gəldi - Ekspert RƏYİ

Köhnə avtomobillər BU TARİXDƏN “metallom”a göndəriləcək – Hibrid avtomobillər zamanı gəldi - Ekspert RƏYİ

Hazırda oxunan: Köhnə avtomobillər BU TARİXDƏN “metallom”a göndəriləcək – Hibrid avtomobillər zamanı gəldi - Ekspert RƏYİ

54412

“Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı işlərin görülməsi üçün 2019-23-cü illəri əhatə edən “Yol Hərəkətinin Təhlükəsizliyinə dair Dövlət Proqramı”nda da öz əksini tapmışdı. Lakin təəssüflər olsun ki, müharibə və pandemiyanın təsirləri bu işlərin ləngiməsinə gətirib çıxardı”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

Belə ki, “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi”nin avtomobil parkının yenilənməsində oynayacağı rolu təhlil edən ekspert bu istiqamətdə atılan addımlara diqqət çəkib.
 

MÖVZU İLƏ BAĞLI:

Ölkəyə gətirilən avtomobillərin sayı artdı – Bəs qiymətlər niyə düşmür? – Ekspert RƏYİ


“Ekoloji təmiz nəqliyyat vasitələrindən ölkəyə gətirilməsinin stimullaşdırılması ilə bağlı artıq müəyyən addımlar atılmaqdadır. Bu istiqamətdə həm dövlət qurumları, həm də müstəqil ekspertlər təbliğat aparırlar. Sadəcə olaraq real addımlar atılmırdı ki, bu ildən onlar da atılacaq.
Məsələn, yanvar ayının 1-dən etibarən ölkəyə gətirilən elektormobillər ƏDV-dən azad olundu. Hibrid avtomobillər üçün də oxşar addım atıldı və bu, istehsal ili yeni olan maşınların qiymətlərində 10-15 min manata yaxın fərq yaradacaq.

Bu qərar nəticəsində vətəndaşlarımız yeni, komfortlu hibrid avtomobillər əldə edə biləcəklər. Xüsusilə də, taksi fəaliyyəti ilə məşğul olmaq üçün üstünlük verilən, 13-15 min manata satılan “Prius”, “Civic” kimi modellərə üstünlük verilirdi. Təəssüflər olsun ki, onların əksəriyyəti 2010-cu ildən öncə istehsal olunub və bu da bir sıra fəsadlar yaradır. Bu tip maşınların ustaları da azdır. Lakin bu məsələnin də həlli üçün Azərbaycan Avtomobil Federasiyası tərəfindən təlimlər və kurslar təşkil olunub. Bu da öz-özlüyündə müsbət nümunədir”.

Ekspert görülən işlərin nəticə qazanması üçün zamana ehtiyac olduğunu da diqqətə çatdırıb:

“Ümumən, bu istiqamətdə addımlar atılsa da, bu müəyyən zaman alacaq. Bu səbəbdən də vətəndaşlar Proqramın başa çatacağı 2024-cü ilə qədər olan müddətdən səmərəli istifadə etməlidirlər. Düşünürəm ki, pandemiya və müharibənin təsirlərini nəzərə alaraq, gələcəkdə bu müddəti biraz da artırmaq olar”.

Ekspert avtomobil parkının yenilənməsi üçün daha hansı güzəştlərin tətbiq edilə biləcəyini də qeyd edib:

“Güzəştlər yeni və aşağı mühərrik həcminə malik avtomobillərə də tətbiq oluna bilər. Əsas olan odur ki, avtomobil parkı yenilənsin və insanlar köhnə maşınlarını çıxdaş üçün dövlətə təhvil versinlər. Lakin güzəştin son 3 ildə istehsal olunan hibridlərə aid edilməsi və onların qiymətinin minimum 40 min manat civarında olması əlçatanlığı azaldır. Yəqin ki, gələcəkdə, yeni və daha ucuz hibridlərin ölkəyə gətirilməsinə də diqqət artar. Çünki vətəndaşların bu tip avomobillərə marağı böyükdür. Avropa ölkələrində də 2030-cu ildə artıq bütün avtomobillər yeniləri ilə əvəz ediləcək”.

Elməddin Muradlı ətraf mühitin qorunmasında elektromobillərə keçidin rolunun danılmaz olduğunu bildirib:

“Lakin elektromobillərin qiymətinin bahalığı, elektrik doldurma məntəqələrinin azlığı, usta-servis xidmətlərinin aşağı səviyyədə olması da nəzərə alınmalı və təbliğat işlərində bu amillərə də diqqət yetirilməlidir.

Xüsusən də, təkcə Bakıda yox, bölgələrdə də bu tip problemlərin həllinə çalışılmalıdır. Həmçinin dövlətdən əlavə, özəl sektor da elektromobillərə diqqət ayıra bilər. Çünki zamanla sahibkarlar bunun yalnız faydasını görəcəklər”.  

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO