Dünən Bakı şəhərində yerləşən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdi döyməsi ilə bağlı yayılan görüntülər gündəmi zəbt edib. Bu hadisə cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb. İnsanlar iki kateqoriyaya bölünərək gah direktora, gah da şagirdə haqq qazandırıblar.
Məsələ haqqında Bizim.Media olaraq Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun münasibətini öyrəndik.
MÖVZU İLƏ BAĞLI:
Bakıda direktor şagirdi döydü - VİDEO
O, bir pedaqoq olaraq bu hadisəni pisləyib:
“Bəzi kişilər elə bilir ki, arvadını döyməklə ağıllandıra bilər. Bəzi pedaqoqlar da elə bilir ki, şagirdə təzyiq etməklə onu düz yola gətirə bilərlər. Allah insana nitq, təfəkkür, şüur verib ki, dillə başa salmağa çalışsın. Ümumiyyətlə bağışlamağı bacarmaq lazımdır”.
Həmçinin Rəşid Mahmudov direktorun tərəfini saxlayan şəxslərə də fikirlərini çatdırıb:
“Çox adam deyir, biz də o vaxt döyülmüşük, burada nə var ki, direktor nə edibsə, yaxşı edib. Amma bu düzgün fikir deyil. Həyatda hər kəs ağıllı, sakit olacaq deyə bir şey yoxdur. Dəcəl uşağın dilini tapmaq lazımdır. Mənim dərslərimdə 100-lərlə tələbə olur. Səs salsalar bircə sözüm onlara kifayət edir. Döyməyin qəti əleyhinəyəm, bu uşaqda daha çox aqressiya yarada bilər”.
Səkinə Yusibli, Bizim.Media