Bu universitetdə təhsil haqqı borcu olan tələbələrin adları divara vuruldu - FOTO

Bu universitetdə təhsil haqqı borcu olan tələbələrin adları divara vuruldu - FOTO

Hazırda oxunan: Bu universitetdə təhsil haqqı borcu olan tələbələrin adları divara vuruldu - FOTO

54147

Sosial şəbəkələrdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil haqqı borcu olan tələbələrin borclarını əks etdirən informasiyanın ali təhsil müəssisəsinin divarlarına elan, bildiriş formatında yazılmasını əks etdirən fotolar yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə paylaşım edən təhsil eksperti Kamran Əsədov universitetin bu addımını ciddi qayda pozuntusu kimi dəyərləndirib.

İnformasiyanın yalan olduğuna ümid edən ekspert bir ali təhsil müəssisəsinin belə bir biabırçılığa yol verməsinin qəbuledilməz olduğunu bildirib. 

Kamran Əsədov qeyd edib ki, əgər bu hal baş veribsə, müvafiq universitet bir neçə ciddi hüquqi pozuntuya yol verib:

Hər kəs şəxsi toxunulmazlıq hüququna malikdir. Hüquqi dövlətlərdə fərdin hüququ, şəxsi toxunulmazlığı əhəmiyyət kəsb edir və bu hüquqlara müdaxilə yolverilməzdir.

Şəxsi toxunulmazlıq hüququ

Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi hər kəsin şəxsi toxunulmazlıq və şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ olduğunu ehtiva edir. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi şəxsi və ailə həyatına hörmət hüququnu ehtiva edir. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

Şəxsi toxunulmazlıq hüququ dedikdə şəxsin hansı hüquqları başa düşülə bilər? 

Şəxsi və ailə həyatına hörmət hüququ, şəxsin nüfuzuna və cəmiyyətdəki əlaqələrinə hörmət hüququ və şəxsi həyata müdaxilə hesab oluna biləcək digər hüquqlar.

Şəxsi həyata müdaxilə edən şəxsi (ləri) hansı cəza tədbiri gözləyir?

Ekspert bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi toxunulmazlıq hüququnu pozma ilə bağlı sanksiya və cəza tədbirlərini ehtiva edir.

Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması — 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və ya məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə – 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO