“2021-ci il təhsil üçün bütövlükdə uğurlu il oldu. İmkanlar daxilində təhsili inkişaf etdirmək üçün dövlət tərəfindən bütün tədbirlər həyata keçirildi və əminəm ki, 2022-ci ildə bu iş daha uğurla davam edəcək”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında keçmiş Təhsil naziri Misir Mərdanov 2022-ci il üçün arzularını dilə gətirərkən qeyd edib.
Təhsilin bu günkü durumundan razı qaldığını vurğulayan keçmiş nazir dərs yükünün ağırlığına da münasibət bildirib:
“Hər şey Azərbaycanın bu günkü durumuna və dünyaya inteqarsiya istiqamətində yönəlmiş şəkildə davam edir. Mənfi bir şey deyə bilmərəm”.
Uşaq bağçalarının Təhsil Nazirliyinin balansına verilməsinə gəlincə keçmiş nazir bu təşəbbüsü alqışlayıb:
“Çox mühüm qərardı və bunun böyük əhəmiyyəti var. Bağça təhsilin ilk pilləsidir. Ona görə də bu fəaliyyətə nəzarətin Nazirlikdə olması çox gözəl oldu. Hesab edirəm ki, bu sahə müsbət təsirlərini bütün Azərbaycanda tezliklə göstərəcək. Onsuz da problem bütün sahələrdə olduğu kimi təhsildə də var və həmişə də olacaq. Birdəfəlik bütün problemləri həll etmək olmaz. Amma ümumilikdə təhsil sahəsində müsbət irəliləyişlər çoxdur və getdikcə bu uğurların sürəti artmaqdadır”.
Misir Mərdanov Emin Əmrullayevin də fəaliyyətinə toxunub. O, gənc nazirin işindən razı qaldığını bildirib:
“Onun fəaliyyətindən razıyam. Bacardığını edir ki, etimadı doğrultsun və təhsilimiz daha yaxşı səviyyədə olsun. Buna mənim şübhəm yoxdur. Artıq 2022-ci ili qarşıladıq. Arzulayıram ki, pandemiyadan hamımız tezliklə qurtula bilək və salamatçılıq olsun. Millətimizə, o cümlədən bütün təhsil işçilərimizə ilk növbədə səbir diləyirəm. Bütün problemlərə və neqativlərə yol tapmaq olar”.
Keçmiş nazir son vaxtlar müəllimlərin aşağılanması, şagirdlər qarşısında dəyərdən düşməsi məsələsinə də münasibət bildirib:
“Müəllim təhsildə əsas simadır. Müəllimlərimiz arasında nümunəvi olanlar çoxdur. O müəllimlərin təcrübəsi öyrənilməli və yayılmalıdır. Pedaqoqların ixtisas, bilik və bacarıqlarının artırılmasına ciddi fikir verilməlidir. Məhz bu yolla təhsilimizin inkişafına nail olmaq olar. Bu işdə həm müəllimlərə, həm də Təhsil Nazirliyinə uğur arzulayıram. Əminəm ki, onların fədakar əməyi nəticəsində Azərbaycanda təhsil sistemi daha da inkişaf edəcək”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:00 / 04.01.2022
Misir Mərdanovdan EMİN ƏMRULLAYEVƏ – “Bacardığını edir...”
Hazırda oxunan: Misir Mərdanovdan EMİN ƏMRULLAYEVƏ – “Bacardığını edir...”
Hazırda oxunan: Misir Mərdanovdan EMİN ƏMRULLAYEVƏ – “Bacardığını edir...”
53741
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.