Qaçaq sərnişindaşımada REAL TƏHLÜKƏ – Qurumlararası ötür-ötür oyunu gedir – ARAŞDIRMA 

Qaçaq sərnişindaşımada REAL TƏHLÜKƏ – Qurumlararası ötür-ötür oyunu gedir – ARAŞDIRMA 

Hazırda oxunan: Qaçaq sərnişindaşımada REAL TƏHLÜKƏ – Qurumlararası ötür-ötür oyunu gedir – ARAŞDIRMA 

53112

Mingəçevirdə qanunsuz sərnişin daşımaları şəhər avtovağzalının işini iflic vəziyyətinə saldığı haqqında məlumat vermişdik. Amma bu təkcə Mingəçevir üçün xarakterik deyil. Əslində bütün rayonlarda və bölgələrdə oxşar vəziyyət yaşanır. 

Problem kifayət qədər ciddi xarakter alıb. Pandemiya dönəmində belə qaçaq sərnişindaşımalarda heç bir sanitariya qaydalarına əməl edilməməsi, baş verən onlarca qəzalar və dövlət vergisindən yayınma halları məsələyə ciddi yanaşmanı tələb edir. Amma...

Bizim.Media məsələnin ammasını nəqliyyat eksperti Elməddin Muradlı ilə davam etdirib:

“Çox ciddi problemlər var. Götürək elə Bakı Beynəlxalq Avtovağzalı və digər 56 bölgədə olan avtovağzal ərazilərindəki vəziyyəti. Hazırda nə sürücülər, nə də sərnişinlər gəlib avtovağzalın ərazisindən hərəkət etməyə maraq göstərmirlər.
Çünki sürücülər bu zaman əlavə ödəniş ödəmir və fərqlənmə nişanı da almırlar. Sərnişinlər isə istədikləri qiymətə lazım olan yerlərdən götürülüb, istədikləri ünvana çatdırılıllar. Bu onların aləmində komfortlu xidmətdir. Lakin digər aspektdən baxdıqda isə bunun necə təhlükəli olduğunun şahidi ola bilərik. Bu sürücülərin istirahət saatı, iş rejimi, sağlamlığı ilə bağlı məsələlər bəlli deyil”.

Ekspert bildirib ki, son zaman yollarda baş verən qəzaları araşdırarkən bəlli olub ki, bunlara səbəb əksər sürücülərin yuxulu olmasıdır. Onlar daha çox reys edib, pul qazanmaq üçün bir-biri ilə yarışa çıxırlar.

“Bu gün avtovağzalların ətrafında xaotik vəziyyət hökm sürür. Dayanma-durma qaydaları kobudcasına pozulur, 2-ci hətta 3-cü sırada maşın saxlayırlar. Hətta orada iri tutumlu avtobuslar gəlib sərnişin götürüb aparırlar.
Bu yaxınlarda iritutumlu avtobusun sürücüsü Qaradağ postunda saxlanılarkən məlum olub ki, o, narkotik vasitənin təsiri altında olub. Oda üzə çıxıb ki, avtobus Avtovağzaldan kənarda çalışıb. Dövlət milyonlarla vəsait xərcləyib, avtovağzal tikir, bəzi işbazlar onun ərazisində öz işini görür. Onlar vergidən də yayınırlar”.

Ekspert bildirir ki, hazırda Bakı Avtovağzalı ətrafında dayanma-durma ən hörmətsiz nişandır:

“Kim gəldi avtomobilini orada saxlayıb, maşının baqajını açır Bakı-Gəncə, Bakı –Goranboy, Tovuz, Kürdəmir və s. yazıb istədikləri kimi hərəkət edirlər. Burada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi təkbaşına nə edə bilər ki? Mütləq şəkildə burada işlər birgə aparılmalıdır. Burada DYP və BNA aktiv iştirak edib, ətrafı təmizləmələdir ki, qanunu sürücülər  fəaliyyət göstərsinlər”.

Elməddin Muradlı həmçinin qeyd edib ki, bu ənənə pandemiya dövründən yadigar qalıb, çünki o zamanlar sərnişin daşıma dayandırıldığına görə, insanlar bu qaçaq avtobuslara aludə oldular. Onun sözlərinə görə, o zamandan da bu tendensiya davam edir. Sonda mütəxəssis vurğulayıb ki, aidiyyatı dövlət qurumları bu işdə birgə hərəkət etməlidirlər:

“Bu işdə aidiyyatı qurumlar  BNA, DYP və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 3-də dövlət qurumudur. Bu onların şəxsi işləri deyil ki, bir-birlərinin acığına düşsünlər. Burada şəxsi maraqlar deyil, sərnişin maraqları önə çıxmalıdır”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Günay Əliyeva isə Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda Dövlət Yol Polisi və Avtomobil Nəqliyyatı Xidməti arasında sentyabrın 30-da razılaşdırma sənədi imzalanıb və bu problemlərlə bağlı monitorinq həyata keçirilir:

“Qurum avtovağzal, metronun 20 Yanvar ərazisində və Lökbatan dairəsində fəaliyyət göstərən qanunsuz sərnişin daşıma ilə məşğul olan sürücülərlə görüş keçirilib. Tərəfimizdən onlara fəaliyyətilə necə məşğul olmaqları, fərqlənmə nişanının alınma prosedurları izah edilib”.

Mətbuat katibi  bu fəaliyyətlə məşğul olanlara qarşı cəza olaraq akt tərtib edildiyini, daha  sonra işin məhkəməyə göndərdiyini də bildirib:

“Məhkəmə isə İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə uyğun olaraq, onlara qarşı vahid qaydada tədbir görür. Çünki onların fərqlənmə nişanı olmur, iş-istirahət rejiminə əməl edilmir və tibbi müayinədən keçmirlər. Məsələn tibbi müayinədən keçməyən vəzifəli şəxslərə 500-800, fiziki şəxslərə isə 2000-3000 manat cəza tətbiq edilir”.
G.Əliyeva ancaq fərqlənmə nişanın da hər sürücüyə verilmədiyini də bildirib. Bu zaman sürücülər müvəqqəti kriteriyalara uyğun gəlməlidirlər. Fərqlənmə nişanı üçün müraciət edərkən gərək həmin xətt üzrə heç bir daşıyıcı olmamalıdır, ya da buna təlabat olmalıdır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO