Bu il MƏTBUAT KATİBLƏRİ necə yadda qaldı? – ARAŞDIRMA 

Bu il MƏTBUAT KATİBLƏRİ necə yadda qaldı? – ARAŞDIRMA 

Hazırda oxunan: Bu il MƏTBUAT KATİBLƏRİ necə yadda qaldı? – ARAŞDIRMA 

52895

Azərbaycanda medianın əsas problemlərindən biri dövlət qurumlarının mətbuat katibləri ilə işləməkdir Jurnalistə ən əlçatan işçi mətbuat katibi olmalıdır. Amma reallıq bunu əks etdirmir. Bəzi dövlət qurumlarının mətbuat xidmətləri hələ də jurnalistlərə qapalı mövqe sərgiləməkdə davam edir. Bu isə onların vəzifə borclarını doğru-dürüst anlamadıqlarından irəli gəlir.

Problem dəfələrlə dilə gətirilsə də, xüsusilə günün aktual və operativ məsələlərində bəzi dövlət qurumlarının mətbuat katiblərinin jurnalistlərə münasibəti qənaətbəxş deyil.

Qeyd edək ki, son vaxtlar bəzi mətbuat katiblərinin fəaliyyətində irəliləyiş hiss olunur. Amma aralarında hələ də bir qism var ki, media ilə münasibətini ayrıseçkilik üzərində qurub. Bu isə heç doğru yanaşma deyil.

Maraqlıdır, bu il media hansı mətbuat katiblərinin işindən razı qaldı? 

Bizim.Media jurnalistlər arasında aktiv və passif fəaliyyəti ilə seçilən mətbuat katiblərinin işini araşdırıb.

Sorğumuzda iştirak edən media mənsublarının çoxu Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyevin aktif fəaliyyətini vurğulayıblar. Dediklərinə görə Elşad Hacıyev istər jurnalistlərlə münasibətində, istər suallara operativ cavabında, istərsə də sosial şəbəkələrdəki aktiv çıxışlarında işini ustalıqla qurub.

Çalışqanlığı ilə seçilən Elşad Hacıyevin ictimaiyyətdə də rəğbət qazandığı bildirilir.

Azadmedia.az-ın müxbiri Elnurə Abuşova saytımıza açıqlamasında əməkdaşlıq etdiyi bütün qurumların suallarını cavabsız qoymadıqlarını deyib:

“Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyevə, “Azərişıq” QSC-nin mətbuat katibi Vaqif Aydınoğlu, “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov, "Azərbaycan Hava Yolları"nin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski, Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov, SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov, "ASAN" xidmətin mətbuat katibi Elnur Niftəliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovaya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat sözçüsü Teymur Mərdanoğluna hansısa məsələ ilə bağlı müraciətlərdə suallar cavabsız qalmır.

Elə yerlər var fəaliyyətləri yalnız ütülü şablon cümlələr olur, heç müraciət edib qanımı qaraltmıram”.

Radio Antenn-101FM-in aparıcısı Əzizə İsmayılovanın sözlərinə görə dövlət qurumları arasında ictimaiyyətə açıq olanlar, fərdi müşahidəmə görə, “Azəriqaz” İB, “Azərsu” ASC, BNA, və qismən də Təhsil Nazirliyi oldu:

"Açıq olmaq" deyəndə yalnız hər hansı bir qurumun saytlara verdikləri məlumatları deyil, eyni zamanda, ictimai müzakirələrə səbəb olan hər hansı bir məsələyə dərhal aydınlıq gətirib, çözülməsində maraqlı olduqlarını nəzərdə tuturam. Bu fikirlərim, təbii ki, digər qurumların ictimaiyyətə açıq olmaması kimi yox, bu suala cavab anında yadıma düşən adlar kimi səciyyələndirilməlidir", deyə jurnalist əlavə edib. 

Sorğuda iştirak edən digər həmkarlar Mədəniyyət Nazirliyinin mətbuat katibi Məryəm Qafarzadənin mətbuatla əməkdaşlığının sıx qurulduğunu qeyd ediblər:

“İstənilən sorğuya cavab verməkdə maraqlı olan Məryəm Qafarzadə jurnalisti sahəsinə uyğun şöbə ilə əlaqələndirir. Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi daha çox baş verən hadisələrlə bağlı ümumi məlumatlar yayır.
Güc strukturlarından çox vaxt mətbuatın ilk xəbər tutduğu məsələyə cavab almaq mümkün olmur. Yaxud “araşdırılır” cavabı ilə kifayətləndirilir. Amma qeyd etmək lazımdır ki, Anar Eyvazov Müdafiə Nazirliyinə mətbuat katibi vəzifəsinə gələndən sonra hansısa məsələ ilə bağlı qurumdan cavab almaq bir qədər asanlaşıb”. 

Digər jurnalist dostlar Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirovun fəaliyyətindən narazılıqlarını ifadə ediblər:

“Pərviz Abubəkirovu vəzifəyə gələndən “gördüm deyən” olmayıb. Onun səlahiyyətlərini həmin xidmətin əməkdaşı Elvin Hacıyev icra edir. O, həmçinin mövzu ilə bağlı qurumun digər şöbələri ilə kordinatorluq rolu da oynayır. Tibbi Ərazi Bölmələrinin İdaretmə Birliyinin mətbuat sözçüsü Elnarə Baxış isə mümkün olduqda özü, araşdırılması tələb edilənləri isə email vasitəsilə cavablandırır”.

Respondentlərin çoxu işlək olmayan və passivliyi ilə seçilən İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyevin adını çəkiblər:

“İl ərzində Abbas müəllimə ünvanladığımız bütün sorğular cavabsız qalıb. Sorğularımızı sosial şəbəkələrdə qəbul etsə də, heç bir reaksiya bildirmir.  Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva ilə bəzən əlaqə yaratmaq mümkün olmur. Çox hallarda yazılı şəkildə göndərdiyimiz sorğulara reaksiya vermir. Zəngə cavab verəndə isə münasibətini aqressiv şəkildə nümayiş etdirir. Ümid edirəm ki, bu məsələdə biz yanılırıq”. 

Sorğuda Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Mərkəzi Bank və Kapital Bankdan açıqlama alınmaqda çətinlik olmadığı vurğulanıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Mətin Hüseynovun əvəzinə isə həmin qurumun rəsmisi İsrafil Kərimovdan cavab almağın daha asan olduğu qeyd edilib.  

Əksər jurnalist Qafqaz Müsəlmanları İdarəsi, Maliyyə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini fəaliyyətsizlikdə, eləcə də mətbuatla işini düzgün qurmamaqda qınayıblar:
“Bu qurumların varlıqları ilə yoxluqları bilinmir. Hər üç qurumdan istər şifahi, istərsə də rəsmi mövqe almaq mümkün olmur. Üstəlik email ünvanlarına göndərilən sorğular həftələrlə, aylarla cavabsız qalır. Siyahını daha da uzatmaq olar. Amma bir reallıq var. Dövlət qurumlarının əksəriyyəti sayta yerləşdirdikləri şablon məlumatlarla kifayətlənirlər. Hər hansı hadisə baş verən zaman isə açıqlamanı bir qayda olaraq ilk 2-3 sayta ünvanlayırlar. Daha sonra digər xəbər portalları ilə bölüşürlər. Bu fəaliyyət forması isə biz jurnalistlər arasında ayrı-seçkilik salmaq deməkdir”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO