Avtomobillərə texniki baxış prosesi ləğv edilir? – Ekspert DETALLARI AÇIQLADI

Avtomobillərə texniki baxış prosesi ləğv edilir? – Ekspert DETALLARI AÇIQLADI

Hazırda oxunan: Avtomobillərə texniki baxış prosesi ləğv edilir? – Ekspert DETALLARI AÇIQLADI

52871

Rusiyada avtomobillərin məcburi texniki baxışdan keçirilməsi ləğv olunub.  

Azərbaycanda da bu qayda ləğv edilə bilərmi?

Əslində, bu məsələ cəmiyyət arasında ən çox müzakirə olunan mövzudur. Sürücülərin fikrincə, belə qaydanın hər il yerinə yetirilməsi absurddur. Onlar düşünür ki, bu avtomobil üçün heç bir əhəmiyyət kəsb etmir və ancaq əlavə pul yığmaq üçün bir yoldur.

MÖVZU İLƏ BAĞLI:

Bayram günləri texniki baxış olacaqmı? - DYP-dən AÇIQLAMA

Xatırladaq ki, yeni istehdal olunan avtomobil, istehsal tarixinin 4 ilinin tamamında 5-ci ilində texniki baxışdan keçir. Məsələn: 2017-ci il istehsalı olan avtomobil 2022-ci ildə texniki baxışdan keçməlidir. İstehsal ilinin 4 ili tamam olmuş avtomobillər isə 2 ildən bir texniki baxışdan keçməlidirlər.

Məsələn: 2016-cI ilin avtomobili 2020-ci ildə texniki baxışdan keçəndən sonra, növbəti texniki baxış müddəti 2022-cİ il olacaqdır. İstehsal ilindən 10 il keçmiş avtomobillər hər il texniki baxışdan keçməlidirlər.

Texniki baxışdan keçmək üçün tələb olunan şərtlər

Texniki baxışdan keçmək üçün nəqliyyat vasitəniz aşağıdakı texniki göstəricilərə sahib olmalıdır:

1. Dəm qazı (Avro 2)

2. Şinlərin protektoru (1.6 mm)

3. Avtomomobilin konstruksiyasında nəzərdə tutulubsa, brızqoviklər

4. Çatsız şüşələr (alın şüşə,yan şüşə və AZS 122-2004 standartına uyğunluq)

5  İşıqların saz vəziyyətdə olması . (İşıqları öncədən servisdə yoxlatdırıb rəsmi kağız alın. Birdən sizə texniki baxış zamanı "işıqlarınız nasazdır" desələr həmin kağız lazım olacaq)

6. Təhlükəsizlik kəməri

7. İşlək əyləc sistemi

8. Yağ və ya yanacaq sızması olmasın.

Avtomobildə yanğınsöndürən, qəza-durma nişanı və tibb çantası olmalıdır. Tibb çantasının tərkibi isə mütləq şəkildə müvafiq siyahıya uyğun olmalıdır. 
Bundan başqa qanuna əsasən texniki baxış üçün dövlət rüsumu sadəcə 25 manatdır. Bu məbləği bank, kassa, pos-terminal və onlayn ödəmək mümkündür. 

Belə bir prosedura ehtiyac varmı?

Nəqliyyat eksperti Eldəniz Cəfərov düşünür ki, avtomobillər mütləq şəkildə qaydalara uyğun olaraq, texniki icbari baxışdan keçirilməlidir.

Onun sözlərinə görə, digər ölkələrdən fərqli olaraq, Azərbaycana gətirilən avtomobillərin əksəriyyəti köhnə maşınlar olur. 

“Ölkədə istismar müddəti bitmiş xeyli sayda avtomobil var, ona görə də bu qanunun ləğv olunmasının tam əleyhinəyəm. Bu səbəblərə görə icbari texniki baxış mütləq şəkildə həyata keçirilməlidir. Həm də Dövlət Yol Polisinin həyata keçirdiyi bu texniki baxış avtomobilin mexaniki hərəkət hissəsinin yoxlanışıdır. Bunu səthi adlandırmaq doğru deyil, çünki bu reqlamentə uyğun olaraq həyata keçirilir. Əgər sabah avtomobilin texniki baxışı həyata keçirilməsə hər kəs istədiyi kimi onun motorunu və digər hissələrini dəyişər. Bu isə bizim təhlükəsizliyimiz baxımında özümüz üçün təhlükəli ola bilər”. 

Ekspert bildirib ki, yoxlanışlar tərtib olunmuş qaydalara uyğun həyata keçirilir. Hansı sürücü bundan razı deyilsə, könüllü şəkildə avtomobilinin markasına uyğun olaraq, rəsmi servisə müraciət edib müəyyən məbləğ ödəməklə bunu edə bilər.  
Eldəniz Cəfərov sürücülərin onlardan əlavə pul tələb edilməsi haqqında iddialarına da fikir bildirib. 

“Hər bir insan belə neqativ hallarla bağlı dərhal şikayət etməlidirlər. Orada olan rəhbər işçilərə yaxınlaşıb bu barədə məlumat verməlidirlər. Rüsumlar haqqında isə deyə bilərəm ki, Azərbaycanda bu  digər ölkələrdən qat-qat aşağıdır. Məsələn Yaponiyada avtomobilin istehsal tarixindən 5 il keçdikdən sonra rüsumu o qədər baha olur ki, avtomobil sahibi yeni maşın almağa üstünlük verir”. 

Azərbaycanda avtomobillərin vahid informasiya bankı niyə yaradılmır?

Avtomobil sahəsində olan ikinci problem maşınların tarixçəsi və onun xarakteriskası haqqında vahid bir sistemin olmamasıdır. Bu isə avtomobillərin alqı-satqısı zamanı satıcıların müştəriləri aldatmasına gətirib çıxarır. 

ABŞ-da bu sferada ən məşhur axtarış sistemi “Carfax”dır. Bu sistem vasitəsilə dünyanın istənilən yerində olan müştərilər maraqlandıqları avtomobil barədə müəyyən olunmuş məbləği ödəməklə (3-15 ABŞ dolları) onun haqqında bütün məlumatları əldə edə bilirlər. 

Ekspertlər düşünürlər ki, Azərbaycan belə bir mərkəzi sistem tətbiq olunarsa, bununla avtomobil sahəsində bir-neçə problem öz həllini tapa bilər.

Belə olduğu təqdirdə, həm müştərilər, həm də dövlət müəyyən qazanc əldə edə bilərlər. Bu zaman avtomobil almaq istəyənlər aldanmaz, həm də dövlət büdcəsinə külli-miqdarda vəsait cəlb oluna bilər. Çünki bir avtomobilin tarixçəsini əldə etmək istəyən müştəri təyin olunan məbləği ödəməklə məlumatları əldə edə biləcək. 

2021-ci ilin statistikasına görə, ölkəyə 80 min avtomobil gətirilib. Bu hesablamalara görə, vahid mərkəzi sustemin tətbiqi ölkə büdcəsnə milyonlarla vəsait qazandıra bilər.

Plan hazırdır, vaxt bəlli deyil...

Eldəniz Cəfərov Bizim.Media-ya açıqlamasında bu məsələyə də toxunub. O, bildirib ki, bu vahid sisteminin yaradılması dövlət proqramında da öz əksini tapıb. 

“Azərbaycanda bütün avtomobillərin texniki baxışı tam diaqnostikadan keçirilib onun vəziyyəti haqqında məlumatlar vahid portala yerləşdirilməlidir.
Bu zaman bir vətəndaş alqı-satqı etdiyi zaman digərinə avtomobilin vəziyyəti haqqın şifahi şəkildə deyil, sənədləşdirlmiş formada sözlərini sübut edə bilər. Bu Azərbaycan Respublikası “Yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən” dövlət proqramında öz əksini tapıb. Həmin o proqramda qeyd edilib ki, ölkədəki avtomobillərin texniki baxışı dəqiq cek-up müayinədən keçirilməli və onun bütün informasiyası ümumi sitemə yerləşdirilməlidir. Bununlada avtomobilin bütün vəziyyəti o sistemdə əks olunacaq. Ümid edirik ki,  2022-ci ildə bu məsələ barədə işlər yekunlaşacaq və yol xəritəsi hazırlanaraq işlərə start verilər”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO