Pandemiya səbəbi ilə ənənəvi tədrisə gec başlayan məktəblilər bu il Nazirlər Kabinetinin qərarı ilə ötən illərlə müqayisədə daha az tətil edə biləcəklər. Valideynlərin fikrincə, tətilin qısa olması uşaqlarda ruh düşkünlüyü yarada bilər.
Kliniki uşaq psixoloqu Nuriyyə Quliyeva Bizim.Media-ya açıqlamasında valideynlərin fikrini təsdiqləyərək, bir sıra məqamlara toxunub:
MÖVZU İLƏ BAĞLI:
Bakıda bu məktəblərə şəhidlərin adları verilib - RƏSMİ
“Məktəbli olan bir sıra uşaqlar, xüsusilə ibtidai sinifdə təhsil alanlar azyaşlı olduqları üçün digərlərinə nisbətən daha tez yorula bilirlər. Tətilin də az verilməsi onlarda gərginlik yarada bilər. Çünki bir neçə aydır ki, şagirdlər məktəbdə tədris prosesindədirlər və yeni informasiyalar qəbul ediblər. Həm fiziki, həm də zehni olaraq dincəlməyə çox ehtiyacları var.
Əldə olunan informasiyaları daha güclü yaddaşda saxlamaq üçün beyinə istirahət vermək lazımdır, buna görə də çox yüklənmənin tərəfdarı deyiləm”.
Həmçinin psixoloq müəllimlərə tətil günləri üçün uşaqlara ağır dərs tapşırıqlarının verilməməsini tövsiyyə edib:
“Uşaqları psixoloji olaraq incitməmək üçün yaxşı olardı ki, müəllimlər anlayış göstərərək şagirdləri çox dərs yükü ilə tətilə göndərməsinlər. Burada həmçinin valideynlərin də rolu böyükdür. Uşaqlar tətil günlərində daha çox əyləncə, gəzmək, təmiz havada olarsa həm psixoloji, həm də fiziki olaraq rahatlaya bilərlər”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab edilib.
Səkinə Yusibli, Bizim.Media