Dövlət xəstəxanaları ilə bağlı MÜHÜM YENİLİK - Qərar açıqlandı

Dövlət xəstəxanaları ilə bağlı MÜHÜM YENİLİK - Qərar açıqlandı

Hazırda oxunan: Dövlət xəstəxanaları ilə bağlı MÜHÜM YENİLİK - Qərar açıqlandı

51938

Vətəndaşlar istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün göndərişsiz müraciət edə biləcəklər.

Bu barədə Bizim.Media-ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, sığortaolunanların tibbi xidmətlərə əlçatanlığının artırılması, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması və ağırlaşmaların qarşısının alınması, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə “Sığortaolunanlara ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi” qaydasına dəyişikliklər edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Rayon qeydiyyatında olanlar Bakıda icbari tibbi sığortadan yararlana bilərmi? - RƏSMİ CAVAB


Agentliyin İdarə Heyətinin müvafiq qərarı ilə edilən dəyişikliyə əsasən, sığortaolunanlar artıq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün (ixtisaslı həkim - kardioloq, uroloq, oftalmoloq, endokrinoloq və s. - müayinəsi) göndəriş vərəqəsi olmadan müraciət edə biləcəklər.

Bu tibb müəssisələrinə rayon/şəhər mərkəzi xəstəxanaları, müalicə-diaqnostika mərkəzləri, birləşmiş şəhər xəstəxanaları, birləşmiş uşaq xəstəxanaları, şəhər klinik xəstəxanaları, vərəm əleyhinə tibb müəssisələri, habelə Kliniki Tibbi Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu və s. tibb müəssisələri aiddir.

Belə ki, sığortaolunanlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan həm yaşadığı ərazi üzrə, həm də digər şəhər (Bakı daxil olmaqla) və rayonlarda TƏBİB-in tabeliyində olan istənilən tibb müəssisəsinə müraciət edə biləcəklər. 
 

Qeyd edək ki, Qaydaya müvafiq olaraq “Tibbi Sığorta haqqında” qanununa əsasən müştərək maliyyələşmə ilə bağlı müddəalar qüvvəyə minənədək, dövlət tibb müəssisələrində yalnız stasionar şəraitdə göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsinin verilməsi tələb olunacaq.


Bunun üçün vətəndaş ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) və ya ixtisaslı həkim (müalicə həkimi) tərəfindən göndəriş vərəqəsi almalıdır.

Pasiyent göndəriş vərəqəsi olmadan özəl tibb müəssisələrinə birbaşa müraciət etdikdə tibbi xidmətdən öz vəsaiti hesabına yararlanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO