“Bəzi ailələr uşaqlarına hələ yetkinlik yaşına çatmamış onlara hicab geyindirirlər. Məlumdur ki, bu uşağın iradəsi deyil, valideynin istəyidir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Cavanşir Paşazadə Sfera.az-a müsahibəsində “Təhsil müəssisələrinə dinlə qadağa gətirmək nə dərəcədə uyğundur?” sualına cavab olaraq bildirib.
Dinin dövlətdən ayrı olduğunu vurğulayan deputat uşağın 16-17 yaşdan sonra başını bağlamaq istəyib istəmədiyi barədə müstəqil qərar verməsini düzgün hesab edir:
“Məktəblərdə hicabla bağlı qadağanın tətbiqinə gəldikdə, bu məsələ bir neçə il qabaq problemlər yaratdı, cəmiyyətdə narazılıqların yaranmasına gətirib çıxardı. Bəzi məktəblər var ki, belə qadağa tətbiq edir, bəziləri var ki, problem yaratmır.
İstərdim ki, insanlar ilk növbədə başlarını nə üçün bağladıqlarını anlasınlar. Başını bağlayıb, əməlində başqa cür hərəkət edirsənsə, hicabın mənası qalmır. İstərdim ki, orta məktəblərdə dini dərslər keçirilsin və dinlərin mahiyyəti uşaqlara çatdırılsın.
Cavanşir Paşazadə “Dinlə aranız necədir? Namaz qılıb, Həcc ziyarətinə gedirsinizmi?” sualına cavabında bildirib ki, həcc ziyarətinə 90-cı illərdə gedib. “Hamı kimi mən də müsəlmanam, başqa da heç nə...”, - deyə o əlavə edib.
Bizim.Media