"Ambulanslar qaraja atılıb, maraqlanan yoxdur” xəbərinə Mingəçevirdən REAKSİYA – FOTO

Hazırda oxunan: "Ambulanslar qaraja atılıb, maraqlanan yoxdur” xəbərinə Mingəçevirdən REAKSİYA – FOTO

51568

Mingəçevirdə qarajda dayanan ambulanslar ümumi xidmət rejiminə hər hansı mənfi təsir göstərmir və müvəqqəti xarakter daşıyır.

Bu fikirləri Bizim.Media-ya sosial şəbəkədə "Ambulanslar qaraja atılıb, maraqlanan yoxdur” kimi foto xəbərlərlə bağlı açıqlama verən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Texniki Xidmət bölməsinin rəhbəri Nuriyyə Hüseynova səsləndirib.

Onun sözlərinə görə, bu xəbər obyektivlikdən tamam uzaqdır və həqiqəti əks etdirmir: 

"Əvvəla onu deyim ki, xəstəxanaya məxsus bir ya bir neçə avtomobilin təmir üçün qarajda saxlanılması adi və normal haldır. Orada əks olunan ambulanslar əsasən 1978-ci ildən üzü bəri təcili yardım xidmətinin istifadəsinə verilən maşınlardır. İlləri köhnə olduğu aşkardır. Üstəlik onlar 44 günlük savaş ərzində və pandemiya ilə əlaqədar iki qat yük altında çalışmalı olub. Biri var, məsələn müəyyən zaman çərçivəsində təxminən 2 min kilometr məsafə qət edə, biri də var 10-15 min.

Təbii ki, normadan artıq yüklənmə texnikanın istismar prosesinə təsirsiz ötüşmür. Doğrudur, artıq o ambulanslarndan biri istismara yaramır. Amma digərlərinin cari və əsaslı təmiri ən qısa dönəmdə həyata keçiriləcək”.
Nuriyyə Hüseynova qeyd edib ki, sosial şəbəkədə guya bu avtomobillərin təmirə dayanmasının təcili yardım xidmətinin şəhərdə normal fəaliyyətinə əngəl törətdiyi iddiası qərəzli və qeyri-obyektiv yanaşmanın təzahürüdür: 

"Tam əminliklə bildirirəm ki, təcili yardım xidməti normal işini davam etdirir və insanların vaxtında yardımına yetişmək üçün hər hansı əngəl mövcud deyil. Bu gün hazırda 8 ambulans həkim briqadası ilə bərabər xidmət başındadır. Avtomobillərdən ikisi Energetiklər yaşayış massivində  yerləşən köməkçi məntəqədə, 6-sı isə şəhər Mərkəzi Xəstəxanasının  nəzdində yerləşən stansiyada xidmət edir. Hər hansı çağırışla əlaqədar heç bir sıxıntı yaşanmır”.

Ehtiram Muradov, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO