Keçmiş nazir Misir Mərdanovdan məktəb direktorları ilə bağlı TƏKLİF – Ekspertlər

Keçmiş nazir Misir Mərdanovdan məktəb direktorları ilə bağlı TƏKLİF – Ekspertlər "olmaz" dedilər

Hazırda oxunan: Keçmiş nazir Misir Mərdanovdan məktəb direktorları ilə bağlı TƏKLİF – Ekspertlər "olmaz" dedilər

51300

Mütəmadi olaraq məktəb direktorları ilə bağlı neqativ hallar ölkə gündəmini zəbt edir. Belə olduğu təqdirdə hazırda bir çox ekspertlər problemin həll yolu üçün müxtəlif təkliflərlə çıxış edirlər.

Bu yaxınlarda keçmiş təhsil naziri Misir Mərdanov da sosial şəbəkədə maraqlı bir fikir irəli sürüb. O, məktəb direktorlarının kənardan deyil, məhz həmin təhsil ocağında çalışan təcrübəli və fəal pedoqoji fəaliyyəti ilə məşğul olan müəllimlər arasından seçilməsini təklif edib. 

Bu çözüm yolu ola bilərmi?

Bizim.Media-ya özəl açıqlamasında Misir Mərdanov deyib ki, bu son zamanlar yaranan problemlərin müəyyən qismini həll etmək yolunda köməkçi funksiyasını daşıya bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Misir Mərdanova vəzifə verildi


“Mənə belə gəlir ki, məktəb direktoru həmin məktəbin ən hörmətli, nüfuzlü müəllimləri içərisindən, olmalıdır. Seçim valideyinlərin də rəyləri nəzərə alınaraq olsa daha yaxşı olar”. 

Sonda Misir Mərdanov qeyd edib ki, irəli sürdüyü təklif onun subyektiv fikridir.

Xatırladaq ki, Sovet dönəmində əksər məktəblərdə direktor təyinatı məhz təhsil ocağında uzun müddət çalışmış, təcrübəli müəllim heyətindən seçilirdi. Bu həm də çalışdığı təhsil ocağının bütün məsələlərindən xəbərdar olan müəllim üçün ora rəhbərlik etməkdə asanlıq yaradırdı.

Bəs, təhsil ekspertləri bu barədə nə düşünür?

Təksil eksperti Elşən Qafarovun fikrincə, məktəb direktorları seçki yolu ilə deyil, məhz təyinatla olmalıdır. O, bu barədə Bizim.Media-ya açıqlamasında bildirib:
 

“Bu gün təyin olunan məktəb direktorlarının işində yaranan qüsurlar subyektiv səbəblərdən irəli gəlir. Hazırda Təhsil Nazirliyi düşünür ki, məktəb direktorlarını mütəmadi dəyişməklə bu problemi çözə bilərlər, lakin bu doğru yanaşma deyil.


Son 7-8 ildə məktəb direktorlarının kütləvi şəkildə dəyişdirilməsi, onları işdən çıxarıb yerlərinə heç bir təcrübəsi olmayan yenilərin təyin olunması nəticə etibarı ilə lazım olan efekti vermədi. Digər tərəfdən isə bu təyinatlar bir gün belə müəllim işləməyən, idarəçiliyi bilməyən kəslər oldu. Təhsil Nazirliyində çalışması o demək deyil ki, onlar müəllimlik təcrübəsinə malikdirlər. Bu da ciddi problemlərə yol açır”.

Söhbət əsnasında ekspert vəziyyətdən çıxış yolundan da danışıb. O, bildirib ki, məktəb direktorlarının hazırlanması birinci növbədə ali məktəbdən başlanmalıdır. Pedoqoji sahədə kadrlar hazırlayan bütün ali məktəblərdə əmək məcəlləsi və təhsil qanunvericiliyi ciddi şəkildə tədris olunmalıdır. 

“İkinci magistratura pilləsində təhsil idarəetməsi üçün 1 illik proqramlar təyin olunmalıdır. Bu onlayn və ya qiyabi şəkildə həyata keçirilə bilər. Məktəb direktoru olmaq istəyən şəxslər həm təhsil qanunvericiliyini, həm də əmək məcəlləsini yaxşı öyrınməklə yanaşı, məktəbin idarə edilməsinin nəzəri əsaslarını öyrənməlidirlər. Bundan başqa mənim fikrimcə, məktəb direktoru olmadan əvvəl mütləq həmin şəxs bir müddət direktor müavini vəzifəsində çalışmalıdır. Daha sonra isə onların arasından direktor təyinatı olmalıdır”.

Təhsil eksperti Kamran Əsədovun da fikrincə, məktəb direktorları seçki yolu ilə təyin olunmamalıdır. Onun sözlərinə görə, bu uğurlu alına bilməz, çünki burada şəffalıq olmayacaq.
 

“Bu kənar müdaxilələrə gətirib çıxara bilər.Burada kimsə tapşıracaq ki, mənim qohumumdu, gəlin onu direktor seçək. Beləliklə, mizan öozulacaq. Hazırki vəziyyətə görə, ən yaxşı yol, direktorları müsabiqə və müsahibə yolu ilə seçməkdir.


Sadəcə, bu yollar daha da təkminləşdirilməlidir. Azərbaycanda direktorların mənfi maketi var. Çünki onlar ancaq məktəblərdə pulyığma kampaniyası təşkil edirlər.

Ona görə ən effektiv üsul direktor təyinatında müsabiqə yoludur. Bu zaman 5 illik müddətə təyinat alsalar daha məqbul olar.
 

Bu zaman direktorlar daha düzgün və məhsuldar çalışacaqlar ki, növbəti 5 illik müddət üçün şans qazana bilsinlər. Fəaliyyəti ilə bağlı nöqsanlar aşkar edildikdə isə dərhal işdən azad edilməlidirlər”.


Sonda Kamran Əsədov bildirib ki, hazırda məktəb direktorları dəqiq araşdırılıb, işinin öhdəsindən gəlməyənlər dərhal vəzifədən uzaqlaşdırılmalıdırlar.

“Bu neqativ hallar aradan götürüldükdən sonra biz təhsildə inkişafa nail ola bilərik”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO