Dağlarda donub qalan ŞƏHİD KOMANDİR - VİDEO

Dağlarda donub qalan ŞƏHİD KOMANDİR - VİDEO

Hazırda oxunan: Dağlarda donub qalan ŞƏHİD KOMANDİR - VİDEO

5051

“Əsgərləri Xəqaninin nəşini döyüş meydanından çıxarmaq istəsələr də mümkün olmayıb. Şəhid olan hərbçilərimiz donubmuşlar. Bellə qazıb götürmək istəyəndə, dəmirə dəyib. Fikirləşiblər ki, böyük ehtimalla ermənilər nəşin altına mina yerləşdiriblər. İp bağlayıb uzaqlaşıblar ki, dartıb götürsünlər. Amma meyid elə buz tutub ki, yerdən qopara bilməyiblər...” 

Bu hadisə 1994-cü ildə Murov dağının Ömər aşırımında baş verib. Şəhid Xəqani İbrahimovun qardaşı Vladim İbrahimov deyir ki, yeddi övladdan biri olan Xəqani ailədə uşaqlıqdan ciddi, ağıllı və zirək olmağı ilə seçilib.

Atası uşaq vaxtından onu “polkovnik”, ya da Oqon (od, atəş mənasında) adlandırıb.

Xəqani 1972-ci il martın 26-da Qərbi Azərbaycanın Amasiya rayonunun Çaybasar kəndində anadan olub. 1979-1987-ci illərdə Çaybasar kənd orta məktəbində təhsil alıb. 1987-1989-cu ildə Volqaqrad vilayətinin Mixaylovka rayonunda orta məktəbdə təhsilini davam etdirir və orta məktəbi orada bititrir. Atasının onu Volqaqrada göndərməkdə də əsas məqsədi ona yaxşı təhsil vermək olub.

Ermənilərin vəhşiliyi nəticəsində soydaşlarımız Qərbi Azərbaycandan köç edəndə Xəqanin ailəsi də Sumqayıta köçür.

Hadisələr Xəqaniyə çox pis təsir etdiyindən Sumqayıta ailəsinin yanına qayıdır. Sənədlərini aparıb Bakı Ali hərbi məktəbinə verir və qəbul olur. Hərbçi peşəsini seçməsi ən çox atasının ürəyincə olur. Onun “polkovnik” oğlu bu ada gedən yolda ilk addımını atmışdı.



Qardaşı Vladim müəllim deyir ki, 1993-1994-cü illərdə Azərbaycan Ordusu işğalda olan torpaqları, yüksəklikləri azad etmək üçün hücum əməliyyatları keçirirdi: “Xəqanigili Yaşma ərazisinə aparıb, böyük bir briqada yaradıblar, hətta o vaxt onlara Türkiyədən gələn hərbçilər təlim keçirdilər. “N” saylı hərbi hissədə 7 batalyon vardı, onlar 7-ci batalyon idi. Türk hərbçiləri Xəqanini və digər kursantları kəşfiyyatçı, xüsusi təyinatlı kimi yetişdirmişdilər.

Qeyri-rəsmi həmin batalyona “Türk batalyonu” deyirdilər. Murovda düşmənə sarsıdıcı zərbələr vururdular”.

Qardaşı ən son görüşlərindən danışır. Gəncədə yaşayan bacısı Vladimə Xəqanini görmək istədiyini, ondan ötrü darıxdığını deyir. Xüsusi icazə alandan sonra Murovdan Toğanaya gələn Xəqani onlarla görüşür, bacısına da, qardaşına da, ürək-dirək verib, hər şeyin yaxşı olacağını deyir və hər ikisinə sarılıb ayrılır...

Xəqaninin batalyonunda əsgər olan Vasif son döyüşün sağ qalan şahidlərindən biridir. Vasifin sözlərinə görə həmin döyüşdə Xəqani əsgərlərini çıxarıb mövqelərini möhkəmləndirmək üçün yuxarı hissəyə çəkilməli idi. Özü qabaqda gedir, bütün əsgərlərə çıxmaq əmri verir. Xəqani düşmənlə döyüşdüyü zaman əsgərləri yuxarı mövqelərə çəkilirdi. Vasif isə onun “get” sözünə əməl etmir, xəbərsiz arxada dayanır. Xəqani düşməni çaşdırmaq məqsədi ilə müxtəlif istiqamətlərdən atəş açırdı. Komandirinə kömək məqsədi ilə Vasif də atəş açanda, Xəqani geri baxmadan “kimdir bu, Vasif sənsən?” soruşur. O da “bəli mənəm, sizinlə birlikdə döyüşmək istədim” deyir və komandirinin yaxınlığında atəş açmağa başlayır.



Başqa bir döyüş yoldaşı İsfəndiyar isə danışır ki, Xəqani döyüşdə kürəyindən ağır yaralanır və işarə ilə onu oradan çıxarmasını istəyir. İsfəndiyar onu surüyərək çıxarmaq istəyəndə hər iki ayağından vurulur. Xəqanini orada qoyub, özünü dağdan atır və təsadüfən sağ qalır. Sonra köməkçi dəstələr getsələr də, Xəqaninin nəşini döyüş meydanından çıxara bilmirlər.

Elə ölüm xəbərini də İsfəndiyar verir....

Şəhidin qardaşı Vladim İbrahimov deyir ki, Murov, Kəlbəcər azad olunanda gecə yata bilmədim:

“Düşündüm ki, qardaşımın sağ qalan döyüş yoldaşları ilə danışım, nəşinin qaldığı yeri dəqiq öyrənim və gedib həmin yeri ziyarət edim, orada adına bir bulaq tikdirim”.

Amma dostları bildiriblər ki, qısa zaman içində işğaldan azad olunan bütün torpaqlarımızda, Kəlbəcərdə, Murovda, Ömər aşırımında təhlükəsizlik təmin olunacaq, minalardan təmizlənəcək.

O vaxt ona Kəlbəcərə, Murovun Ömər aşırımına getmək üçün xəbər edəcəklər.

Ağanisə Sultan, Bizim.Media    

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO