Qayadan yıxılıb həlak olan gizir Şahin Hüseynova şəhidlik statusu veriləcəkmi? – İSTİNTAQ GEDİR

Qayadan yıxılıb həlak olan gizir Şahin Hüseynova şəhidlik statusu veriləcəkmi? – İSTİNTAQ GEDİR

Hazırda oxunan: Qayadan yıxılıb həlak olan gizir Şahin Hüseynova şəhidlik statusu veriləcəkmi? – İSTİNTAQ GEDİR

50465

Dekabrın 2-də Kəlbəcərdə gecə saatlarında qayalıqdan yıxılaraq həlak olan gizir Şahin Hüseynovun atası Hüseynov Şəmsəddin oğluna şəhidlik statusunun verilməsini istəyir.

O, bu barədə Bizim.Media-ya açıqlamasında deyib.

Bildirib ki, oğluma şəhidlik statusunun verilib-verilməyəcəyi barədə bizə heç bir məlumat verilməyib. 

“Oğlum 11 gündür həlak olub. Bizə əvvəldən deyildi ki, mərhumu dəfn edin, yasını verin, sonra sizi onun həlak olduğu əraziyə aparacağıq. 2-3 gün bundan öncə Şahinin yeddi mərasimini verdik. Lakin başqa bir xəbər yoxdur. O zamanda bizə Hərbi prokurorluqdan bildirmişdilər ki, istintaq gedir. Kəlbəcər qapalı yer olduğu üçün bizim özümüzün ora ilə əlaqəsi yoxdur, nə də ki, əraziyə özbaşına gedə bilərik”.

Söhbət əsnasında şəhid atası qeyd edib ki, Şahinin yas mərasimlərində heç icra və yerli hakimiyyət orqanlar da iştirak etməyiblər.

“Şahin canı, qanı ilə bu vətənə xidmət edən oğul idi. O, 2011-ci ildən Azərbaycan ordusuna xidmət edirdi.  Şahin 1 ay məzuniyyətdə idi, son gün o, bir az tez çıxıb Kəlbəcə yollandı ki, qara görə hərbi hissəyə yubana bilər. Yerli orqanlar heç onun yas mərasimlərində iştirak etmədilər. Dəfnində də 2-3 dəqiqəlik dayanıb, çıxıb getdilər. Onu adi vətəndaş kimi qəbul etdilər, yerli icra nümayəndələri heç bizimlə maraqlanmadılar”.

Sonda Şəmsəddin Hüseynov bildirib ki, Şahinin həlak olduğu ərazi karantinə alınıb, istintaq davam etdiyi üçün ora heç kim buraxılmır. 

“Bizə bildirdilər ki, Şahin 35-40 metrlik hündürlükdən yıxılıb. Şəhidlik statusu barədə isə hələ ki, heç bir məlumat, hər hansı bir xəbər yoxdur. Bəlkə də istintaq davam edir, ona görə şəhidlik statusu barədə heç nə demirlər. Şahin Prezident İlham Əliyev tərəfindən igidliyə, vətənə xidmətə, Kəlbəcərin azad olunmasına görə medallarla təltif olunub”.

Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi ilə əlaqə yaratdıq. Nazirliyin mətbuat katibi Anar Eyvazov isə məsələ ilə bağlı Bizim.Media bildirib ki, hazırda araşdırma aparılır və tezliklə sorğumuza cavab veriləcək.

Məsələni diqqətdə saxlayacağıq.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO