Üç ay əvvəl tikintisinə icazə verilən bina niyə SÖKÜLÜR? – Rəsmi qurumların ÖTÜR-ÖTÜR oyunu - FOTO

Üç ay əvvəl tikintisinə icazə verilən bina niyə SÖKÜLÜR? – Rəsmi qurumların ÖTÜR-ÖTÜR oyunu - FOTO

Hazırda oxunan: Üç ay əvvəl tikintisinə icazə verilən bina niyə SÖKÜLÜR? – Rəsmi qurumların ÖTÜR-ÖTÜR oyunu - FOTO

50444

Xəbər verildiyi kimi, Bakının Nərimanov rayonunda bir neçə ay öncə tikilən qeyri-yaşayış obyektinin söküntüsünə başlanılıb. Söhbət rayonun Ağa Nemətulla və Yusif Vəzir Çəmənzəminli küçələrinin kəsişməsindəki köhnə tikilidən gedir. Həmin tikilinin üzərində 3 ay əvvəl 3 mərtəbəli bina tikilib və binanın üçüncü mərtəbəsi yekunlaşdıqdan sonra rəsmi qurumlar tərəfindən tikintiyə qadağa qoyulub. 

Maraqlıdır, 3 ay əvvəl inşasına icazə verilən bina indi hansı səbəbdən sökülür?

MÖVZU İLƏ BAĞLI:

Bakının Nyu York şəhəri kimi tikilməsinə kimlər mane oldu? - FOTO


Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisov Bizim.Media-ya açıqlamasında Komitə tərəfindən bu tikintiyə icazə verilmədiyini bildirib:

“Yəni, bu tikinti ilə bağlı Komitəyə müraciət olunmayıb”. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva isə istənilən tikinti və söküntünün quruma aid olmadığını deyib:

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verməyibsə, biz proyekti görmürük”.

Şəhərsalma nəzarətini yerli səviyyədə yerli icra hakimiyyətləri həyata keçirdiyi üçün sözügedən məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumun İnformasiya təminatı və təhlil sektorunun müdiri Cahandar Kərimov saytımıza bildirib ki, söküntü işlərini Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi aparır:

“Bizdə olan məlumata görə Ağa Nemətulla və Yusif Vəzir Çəmənzəminli küçələrinin kəsişməsindəki köhnə tikilidə əvvəlcə birmərtəbəli obyektin inşasına icazə verilib. Sonra məlum olub ki, üçmərtəbə qaldırlıb. Tikintiyə icazəni Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verir. Bizlik bir şey yoxdur. Amma hazırki söküntünü FHN aparır və məsələ ilə bağlı onlar açıqlama verməlidir. Özünüz də baxın, iİnternetdə də bununla bağlı fotolarda söküntünün FHN texnikası tərəfindən aparıldığı əks olunub”, - deyə qurum rəsmisi əlavə edib.

Görünən odur ki, paytaxt Bakıda bir sıra rayonların ərazisi nizamsız məskunlaşmaqda davam edir.

Nizamlılığın ən elitar forması hesab olunan şəhərsalma prosesinin həyata keçirilməsi üçün lazım olan müvafiq standartlar və tələblər isə pozulur. Bu pərakəndəlikdə və məsuiyyətsizlikdə isə birbaşa olaraq yerli icra hakimiyyətləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi iştirak edir. İş çətinə düşəndə isə adları çəkilən qurumlar məsuliyyəti bir-birlərinin üzərinə ataraq, məsələdən rahatlıqla sıyrılmağa çalışırlar.  

Alçina Amilqızı, Bizim.Media  

















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO