Bu ilin aprel ayının 5-də Şəmkir rayonun İrmaşlı kəndində baş verən qətl hadisəsinin təfərrüatı bəlli olub.
Bizim.Media istintaq materiallarına əsasən, hadisənin motivlərini təqdim edir.
Qeyd edək ki, 41 yaşlı Rəşad Tağıyev öldürdüyü 1966-cı il təvəllüdlü Aybəniz Alıyeva ilə qohum olub.
Rəşad Tağıyevin atası ilə Aybəniz Alıyevanın atası doğma əmioğlu imişlər. İstintaqın və ekspertizanın gəldiyi nəticəyə görə, Rəşad Tağıyev cinayət törədərkən içkili olub.
Rəşad Tağıyev bu ilin aprelin 4-də işləmək üçün həmkəndlisinin xurma bağına gedərək bağın suvarılması üçün suvarma sistemi çəkib. İşlərini saat 11 radələrində yekunlaşdıraraq evə gələrkən mağazadan 250 qramlıq araq alaraq evdə yeməklə həmin arağı içib.
O, saat 15 radələrində evdən çıxaraq kəhrizin yanına gedib və evləri tərəfə gələn suyu düzəltməyə qonşularına kömək edib. Sonra Şəmkir rayonu İrmaşlı kəndində yerləşən kafeyə gedərək, orada özünə nisyə iki bokal pivə alaraq içib.
İçdikləri ilə kifayətlənməyən Rəşad Tağıyev daha sonra tanışları ilə yeyib-içməyə gedib. Yeyib-içdikdən sonra isə sərxoş vəziyyətdə olan Rəşad qohumu Aybəniz Alıyevaya qarşı quldurluq etmək niyyətinə düşür. O, gecə saatlarında Aybənizin evinə qanunsuz daxil olur, Aybənizlə salamlaşır və özünə çay süzüb içir.
Söhbət əsnasında onlar arasında mübahisə yaranır. Belə ki, çay içdikdən sonra o, Aybənizə tikanlı kolu dəmir torlu hasarın çöl tərəfinə yığıb yolu daraltdığna və gediş-gəlişə mane olduğuna görə irad bildirir.
Bu vaxt Aybəniz Alıyeva ona cavab verir və onlar arasında mübahisə dərinləşir. Aybəniz Alıyevanın dediklərini özünə ağır təhqir qəbul edərək qohumunu öldürmək qərarını qətiləşdirir.
Rəşad təhlükəli basqın edərək törədilməsini planlaşdırdığı cinayətin izlərini itirmək üçün qabaqcadan özü ilə gətirdiyi fəhlə əlcəyini əllərinə geyinir. Həmin evdə olan telefon naqilini götürərək Aybənizin boğaz nahiyəsinə keçirməklə onu boğur.
Ancaq boğmaq üçün lazım olan gücü toplaya bilmədiyindən qapının arxasında olan döşəməsilən taxtanın dəstəyini onun boğaz nahiyəsinə keçirir və özünə tərəf dartır. Yenə də niyyətini həyata keçirə bilmir, bu zaman bıçaq götürərək Aybənizə zərbələr endirir.
Aybəniz Alıyevanı öldürdükdən sonra onun boynundakı qızıl boyunbağını, qızıl sırğaları, əlindəki qızıl üzükləri çıxarır. İzləri itirmək üçün Aybəniz Alıyevanı qəsdən öldürərkən istifadə etdiyi cinayət alətlərini - telefon naqilini, döşəməsilən ağacın dəstəyini, tiyəsindən qırılmış mətbəx bıçağının dəstəyini, hadisə yerində olan qan ləkələrini təmizləyib sildiyi əski parçasını özü ilə götürərək evdən çıxır.
Daha sonra cinayət alətlərini tullayır. Rəşad düşünür ki, istintaq, cinayəti törədənin kimliyini müəyyən edə bilməyəcək, amma sən demə, bütün cinayətkarlar kimi Rəşad da adam öldürərkən iz qoyubmuş...
Belə ki, Aybəniz Alıyevanın qızı hadisədən sonra evə gələn zaman masanın üzərində qəndqabı görüb.
“Anam heç vaxt çayı qəndlə içməyib. Qohumumuz Rəşad bizim evə tez-tez gəlib-gedərdi, qəndlə çay içildiyini gördüyüm zaman ağlıma gəldi ki, anamı Rəşad öldürüb”, -deyə mərhumun qızı ifadəsində göstərib.
Beləliklə, Rəşad istintaqa cəlb edilir və və həbs olunur.
Məhkəmə Rəşad Tağıyevi Cinayət Məcəlləsinin 120-ci maddəsinin (qəsdən adam öldürmə) maddəsinin bir neçə bəndi, eləcə də quldurluq maddəsi ilə (181-ci maddə) təqsirli bilib.
Rəşad Tağıyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:23 / 10.12.2021
MƏHKƏMƏ İŞİ: Qənd qatili ələ verdi – TƏFƏRRÜAT
Hazırda oxunan: MƏHKƏMƏ İŞİ: Qənd qatili ələ verdi – TƏFƏRRÜAT
Hazırda oxunan: MƏHKƏMƏ İŞİ: Qənd qatili ələ verdi – TƏFƏRRÜAT
50058
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.