İctimai nəqliyyatda qadın sürücülərimiz VARMI? - ARAŞDIRMA

İctimai nəqliyyatda qadın sürücülərimiz VARMI? - ARAŞDIRMA

Hazırda oxunan: İctimai nəqliyyatda qadın sürücülərimiz VARMI? - ARAŞDIRMA

50003

Cəmiyyətdə zərif məxluqların peşə seçimi ilə bağlı bəzi məhdudiyyətlər və fikir ayrılıqları var. Çoxları hesab edir ki, xanımlar mütləq ki, daha yüngül sahələrdə, konkret desək ya müəllim, ya da həkim kimi çalışmalıdırlar. Xarici ölkələrdə bu sreotip olmasa da, Azərbaycanda hələ də qadınların peşə seçimi ilə bağlı qəribə və təzadlı düşüncə tərzi  mövcuddur. Çox vaxt kişilərə məxsus peşələrdə işləmək istəyən xanımlara ailələri tərəfindən məhdudiyyətlər qoyulur. 

Son vaxtlar bu düşüncə zənciri qırılır və artıq qadınlarımız polis, hərbçi, yanğınsöndürən, taksi sürücüsü kimi sahələrdə rahatlıqla çalışa bilirlər.

Sovet dövründə Azərbaycanın qadın pilotları, maşinistləri, avtobus, tramvay sürücüləri, gəmi kapitanları var idi. Lakin bu gün nə qadın pilotları, nə də maşinistləri, nə də ictimai nəqliyyatda sürücüləri görə bilirik. 

MÖVZU İLƏ BAĞLI:

“Bakubus”un mobil tətbiqi niyə DALANA dirənib? – BNA hələ də cavab VERMİR - FOTO


Vaxtilə Azərbaycanda yeganə qadın avtobus sürücüsü Tovuz rayonundan olan Bahar Tahirova olub. O, 35 ildən çox təkcə ölkə daxilində deyil, sərhədlərdən kənarda da avtobus sürüb. 

Bəs, indi bu sahəyə maraq göstərən qadınlarımız niyə yoxdur? İctimai nəqliyyata məsul olan qurumlar zərif məxluqları sözügedən sahələrə cəlb etməyi düşünürlərmi?

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Bizim.Media-ya açıqlamasında hazırda müntəzəm sərnişindaşımalarda qadın sürücülərin olmadığını deyib:

“Belə bir məhdudiyyət də yoxdur. Ümumiyyətlə sürücülərin işə qəbulu BNA tərəfindən deyil, daşıyıcılar tərəfindən icra edilir. Mən sadəcə qanunvericilik baxımından bildirirəm ki, hər hansı bir məhdudiyyət qoyulmayıb. Bakı Nəqliyyat Agentliyinin balansında sürücü təlim mərkəzi var. Avtobus idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi olan xanımlar da bu sahədə çalışmaq üçün müraciət edərlərsə, biz onların təlimlərdə iştirakını təmin edə bilərik və səlahiyyətlərimiz çərçivəsində dəstək ola bilərik ki, onlar da sükan arxasında əyləşib xidmət eləsinlər”. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov isə metroda sadəcə bir qadın maşinistin olduğunu bildirib:

“Günay Həbibli adlı maşinistimiz 2018-ci ildə başlamış kursa uyğun olaraq 2019-cu il aprel ayının 1-dən çalışır. Hazırda da fəaliyyətdədir. Yeni kurs üzrə artıq təlimlər başlayıb və 9 nəfər seçilib. Onlardan biri də qadındır. İlk təsurat belədir ki, qətiyyəti, əzmi və inadı olsa maşinst olmaq imkanları genişdir. Ümid edirik ki, qadın maşinistlərin sayı artacaq”.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəsmisi Günay Əliyevanın sözlərinə görə hazırda şəhərlərarası və rayonlararası marşurut xəttində qadın sürücü yoxdur:

“Əvvəllər şəhərlərarası xəttə “Maqna” daşıyıcı şirkət olub. Həmin şirkətin daxilində Bahar Tahirova çalışırdı. Amma o da pensiyaya çıxıb. Hazırda sözügedən xəttə qadın sürücümüz yoxdur. Sürücülərin işə qəbulu daşıyıcı şirkətlər və sahibkarlar tərəfindən işə götürüldüyü üçün müraciət edənlər arasında qadınların olub-olmadığını söyləyə bilmirik. ” 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO