Qadın müştəriyə çay təklif edən sürücüyə hansı CƏZA düşür? - VƏKİLDƏN AÇIQLAMA

Qadın müştəriyə çay təklif edən sürücüyə hansı CƏZA düşür? - VƏKİLDƏN AÇIQLAMA

Hazırda oxunan: Qadın müştəriyə çay təklif edən sürücüyə hansı CƏZA düşür? - VƏKİLDƏN AÇIQLAMA

49481

Taksi sürücüsünün qadın sərnişinə qarşı etdiyi qeyri-etik hərəkətləri (birlikdə çay içmək təklifi) günlərdir böyük müzakirələrə səbəb olub. Həm media, həm sosial şəbəkələr üzərindən müxtəlif fikirlər səsləndirilməkdədir. 

Nəticədə Daxili İşlər Nazirliyi həmin sürücünü müəyyən edərək məsuliyyətə cəlb edib. Olay sürücünün ictimaiyyət qarşısında xanımdan üzr istəməsi ilə bitib.

Bu cür təcavüz predmetləri demək olar ki, gün ərzində bir çox qadının üzləşdiyi problemdir. Yaşanan bu hallar isə, çox zaman zərif cins nümayəndələri tərəfindən cəmiyyətin qınaq obyektinə çevrilməməkdən ötrü gizlədilir.

Bəs, bu vəziyyətə düşən qadınlar hansı hüquqi yollara baş vura bilərlər? Bu cür halların əsl cəzası necə olmalıdır? 

Qadın hüquqları müdafiəçisi Əsmər Talıbova Bizim.Media-ya açıqlamasında  bildirdi ki, bu birbaşa xanımın haqqının pozulmasıdır. Onun fikrincə, kiçik hərəkətlərdən başlanan bu yüngül təcavüzlər get-gedə daha böyük cinayətlərə çevrilə bilər.

MÖVZU İLƏ BAĞLI:

Bakıda xanım müştəriyə “çay içmək” təklif edən sürücü SAXLANILDI - VİDEO 


“Bu gün o sürücünün etdiyi bu yüngül təcavüz cəzalandırılmasa, həmin insanda arxayınçılıq yaradacaq. İnsan cəzasız qalanda daha böyük cinayətlərə əl atmaq istəyir. Cəmiyyətdə isə qadın hər zaman öz haqqını qorumaq üçün güclü olmalıdır. Heç bir qınaq obyektindən, başqaları nə deyər prinsipindən çəkinmək lazım deyil. Qəti addımlar atmalıdır ki, başqalarına da dərs olsun. Bu zaman biz də “qadın istismarına son” sözlərini ürəklə deyə bilərik. Qadınlar nə qədər güclü olub, haqqlarını müdafiə edə bilsələr, bir o qədər istismardan, zorakılıqdan qurtulmuş olacaqlar”.

Hüquqşünas Əsabəli Mustafayev isə məsələyə fərqli yanaşır. O, açıqlamasında bildirdi ki, əgər sürücü xanım sərnişinə qarşı  hadisənin içində təhqir və alçaldıcı ifadələrdən istifadə etməyibsə, bu məsələnin hüquqi tərəfi yoxdur.  

“Mətbuatdan sürücünün xanıma yalnız çay içmək təklif etdiyi bildirilib. Belə olduğu halda burada heç bir hüquqi yollara baş vurmaq olmaz. Xanım yalnız sürücünün əmək intizamının, müştəri davranışlarının pozulmasına görə onun çalışdığı taksi xidməti şirkətinə şikayət edə bilər. Belə nəqliyyat şirkətlərində əsas prinsip müştəriyə layiqli, əxlaqlı davranış qaydalarına riayət etmələridir. Sürücü də sərnişinə qarşı etdiyi münasibətlə davranış kodeksini pozub. Burada ancaq sürücüyə cəza olaraq əmək intizamı və ictimai qınaq cəzası tətbiq etmək olar. Ancaq hüquqi müstəvidə bunun heç bir əsası yoxdur”.

Lakin hüquqşünas onu da qeyd edib ki, məsələyə digər aspektən baxsaq fərqli tərəflərini də görmək olar.

Onun sözlərinə görə, məsələ hüquq-mühafizə orqanlarına müraciət etməklə çox sadə və səssiz formada da həll edilə bilərdi.

“Əgər qadın sürücünün bu hərəkətini özünə təhqir hesab edirdisə, o, sakitcə polisə müraciət edib, onun cəzalanmasını tələb etməli idi. Burada iki nəfərin arasında olan məsələni xanım sosial şəbəkələrdə yayaraq, alçaldılmasını hamıya bəyan edib. Yəni, mən məsələnin belə həll olunmasında bir məntiq görmürəm. Əgər qadın həqiqətən də özünü alçaldılmış hiss edirdisə, bunu polisə bildirməli idi.  Ancaq o qadın da bunu bir oyun predmetinə çevririb”.

Lakin Əsabəli Mustafayev məqsədin ictimai qınaq olmasını da istisna etmir.

“Bəlkə də o xanım bunu digərlərini bu cür davranışlarından çəkindirmək üçün edib. Heç bir fikir istisna deyil”.

Bunlar hüquqşünasların yanaşmasıdır. Amma doğru ictimai münasibətlərdə bu cür adamlar etibarsız hesab olunmalıdır. Həmin şəxsin ictimai xidmətdə çalışmasının qarşısı alınmalı, onun adı işəgötürənlər üçün “qara siyahıya” salınmalıdır. Çünki ən yaxşı cəza davranışlara görə xüsusi maddənin tətbiq olunması ilə belə şəxslərin iqtisadi aspektdən bu şəkildə cəzalandırılmasıdır. Bu müxtəlif peşə sahiblərinə şamil edilə bilər, hətta rəhbər işçilərin öz əməkdaşlarına seksual təcavüzləri və ədəbsiz təkliflərinin olduğu hal üçün də keçərli olmalıdır.

Bu şəxslər öz sahəsinə görə etimadsız elan edilməli və xidməti vəzifəsindən uzaqlaşdırılmalıdır. 

Digər cəzalardan daha ağır görünsə də amma daha ədalətlidir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO