Bakı metrosunun "Bənövşəyi" xəttin Xocəsən qəsəbəsində inşa olunan elektrik deposunun ərazisində yerüstü stansiya inşa olunur.
Bu, metropolitenin sayca 27-ci və 2-ci yerüstü stansiyası olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Tikinti Departamentinin baş mühəndisi Vəli Musayev bildirib.
"Gələcəkdə xəttdə 7 vaqonluq qatarlar hərəkət edəcəyindən bu stansiyanın da platformasının uzunluğu müvafiq ölçüdə - 144 metrdir. Platformada tikinti-quraşdırma tədbirləri tamamlanıb və orada üzlənmə işlərinə başlanılacaq", - V. Musayev qeyd edib.
Onun sözlərinə görə, “Nərimanov” elektrik deposu ərazisində yerləşən “Bakmil” stansiyasından fərqli olaraq, burada platformanı stansiya girişi ilə 59 metrə yaxın uzunluğu olan keçid birləşdirəcək:
"Sərnişinlər platforma səviyyəsinə iki eskalator və pilləkənlər vasitəsilə qalxa biləcəklər. Eskalatorların quraşdırılması başa çatdırılıb, qarşıdakı müddətdə onların sazlanması, sınaq və tənzimlənmə işləri yerinə yetiriləcək.
Stansiya vestibülü və keçiddə üzlük işlərinin böyük hissəsi başa çatdırılıb. Döşəməyə İtaliya və Ukrayna istehsalı olan qranit, divarlara keramoqranit vurulur. Ümumi uzunluğu 165 metr olan vestibül və buradakı xidməti otaqlarda son tamamlama işləri aparılır.
Tunellərdən depo ərazisinə girişdən, yəni portaldan stansiyayadək 806 metrlik xəttin yol infrastrukturunun böyük qismi icra olunub.
Burada yollara iqtisadi, praktiki eləcə də hərəkətin rəvanlığı, təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malik dəmir-beton şpallar döşənir. Yoldəyişdiricilər də dəmir-beton tirlər üzərində qurulub".
Bizim.Media