Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus hərbi helikopterin qəzaya uğraması səbəbləri hələki açıqlanmayıb. Qəzada 14 nəfərin həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi başlayıb və araşdırmalardan sonra faciənin hansı səbəbdən baş verməsi bəlli olacaq.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev qəza ilə bağlı açıqlamasında heç bir kənar müdaxilənin və helikopterdə texniki nasazlığın olmadığını bildirib.
Həmçinin pilotin kifayət qədər peşəkar, ağır şəraitdə uçuşlara yüksək hazırlıqlı olduğunu, helikopterin isə yaxın günlərdə təmirdən çıxdığını vurğulayıb.
MÖVZU İLƏ BAĞLI:
Helikopter qəzasında həlak olanlara şəhid statusu veriləcək
İlkin səbəb kimi küləkli hava şəraiti ehtimal kimi gətirilsə də, ekspertlər hesab edir ki, təlimqabağı bu məsələ də nəzərə alınır.
Bəs helikopter niyə qəza törətdi?
Bizim.Media-ya bu barədə danışan Ordumuzun ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanovun sözlərinə görə konkret səbəb qara qutu açılanda məlum olacaq:
“İndi hər hansı versiyalar ortaya atıla bilər. Amma mütəxəssislərin rəyini gözləmək məsləhətdir. Qara qutu helikopterdə ona görə yerləşdirilib ki, səbəbi orada yazılır. Vizual şəkildə qara qutulara qədər məlumat almaq mənbələri məhduddursa, əlbəttə ki, mütəxəssislər qara qutunu açırlar. Bəziləri şayiə yayır ki, guya qara qutu Rusiyada açılacaq. Elə deyil. O qutular Azərbaycanda açıqlacaq. Bunun üçün cihaz və mütəxəssislərimiz də var”.
Ekspert helikopter qəzası ətrafında dolaşan söz-söhbətlərin təbii olduğunu deyib:
“Bu, həmin məsələyə diqqətdən irəli gəlir. Amma müəyyən versiyaları səsləndirənlər mütəxəssis deyil və texniki cəhətdən məlumat bazaları yoxdur. Məlumat bazası məhz qara qutulardadır. Bəlkə elə bir şey çıxacaq ki, heç kimin ağlına o versiya gəlməyib”, - deyə Şair Ramaldanov əlavə edib.
Alçina Amilqızı, Bizim.Media