Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafada qətl törətməkdə təqsirləndirilən Tural Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bizim.Media xəbər verir ki, Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökm ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il mayın 15-i saat 23 radələrində Ağstafa rayonu Köçəsgər kəndində qeydə alınıb.
MÖVZU İLƏ BAĞLI:
Ağstafada qadını qətlə yetirən şəxsə 20 il həbs cəzası verildi
Belə ki, kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Tural Bayram oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qohumu Çiçək Ələkbərovanı qətlə yetirib.
Daha sonra o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
T.Məmmədov Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə), 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) və 29, 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədilməsinə cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, T.Məmmədov 2006-cı ildə Rusiyada qətl törətdiyinə görə tutulub, orada məhkum edilib, sonradan cəzasını çəkmək üçün Azərbaycana göndərilib.
O, 2021-ci il mart ayında Gəncə şəhərində yerləşən 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Bizim.Media