Bu gün MÜƏLLİMİN 55 yaşı tamam oldu - Vüqar Qaradağlı Bizim.Media-ya nələrdən danışdı?

Bu gün MÜƏLLİMİN 55 yaşı tamam oldu - Vüqar Qaradağlı Bizim.Media-ya nələrdən danışdı?

Hazırda oxunan: Bu gün MÜƏLLİMİN 55 yaşı tamam oldu - Vüqar Qaradağlı Bizim.Media-ya nələrdən danışdı?

47529

Noyabrın 24-də Azərbaycan televiziya tarixində və eləcə də şərqşünaslıq elmində xüsusi imzası olan Vüqar Qaradağlının 55 yaşı tamam olur.

BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb Filologiyası Kafedrasının müdiri olan təcrübəli müəllim və pedaqoq böyük bir nəslin davamçısıdır. Atası Aydın Qaradağlı, ulu babası Həsənəli Ağa Xan Qaradaği kimi şərəfli ziyalıların həm də gen daşıyıcısıdır. Anası Gültəkin Cabbarlı isə Cəfər Cabbarlının qardaşı qızı olub. 

Yubiliyarın doğum günündə onunla həmsöhbət olduq. 

Bizim.Media-nın suallarını cavablandıran Vüqar Qaradağlı ilə söhbətimiz elə ciddi notların üzərindən başlayır. 
 

Maraqlıdır, böyük bir nəsil şəcərəsinə məxsus və Aydın Qaradağlı kimi nüfuz sahibinin övladlığını çiyinlərində daşıyan Vüqar müəllim bu məsuliyyətdən əziyyət çəkmir ki? 


O, deyir ki, adi bir hərəkət etdikdə belə, bu adın daşıyıcısı kimi iki dəfə düşünür. Çünki biri öz adına, biri də Qaradağlı soyadının daşıyıcısı kimi qərar verməyə məcburdur.

Televiziyaçı ailəsində böyüyən və özü də uzun illər televiziya sahəsində fəaliyyəti olan şəxsin bugünkü efir məkanımız haqda fikirləri necədir? 

Vüqar müəllim deyir ki, bu gün televiziyaların iqtisadi durumuna baxdıqda, hansısa bir layihənin həyata keçirilməsinin necə çətin olduğunu görürük, heç kimi də qınamalı deyil. Ancaq...:

“Məncə, bu gün televiziya məfhumunu Azərbaycanda yaşadan yalnız İctimai kanaldır. Strategiya və fəaliyyət vəhdət təşkil edir”.
 

Vüqar müəllim deyir ki, bayağı verilişlərə görə, özəl kanalları qınamağı düzgün saymır. Çünki reklam reytinqi yüksək olan verilişlərə verilir. Verilişlər cəmiyyətin zövqünə görə qurulur. 


Onda belə çıxır ki, özümüzü cəmiyyətin zövqünə qurban verməliyik?...

“Axı, televiziya da yaşamalıdır və qazanmalıdır. Özəl kanallar da reklam gəlirindən işçilərə maaş verir və neçə insan oradan evinə çörək aparır. Kanal da həmin o reklamçıya möhtacdır, məhkumdur”.
 

Vüqar Qaradağlının fikrincə, bu burulğanda zövqləri, intellektual səviyyəni də yetişdirməyi unutmaq olmaz. “Amma öncə özün sağ qalmalısan ki, nəyisə də edə biləsən. Hamısına vaxt lazımdır, tənqidləri də başa düşürəm”.


İllərlə televiziyada rəhbər vəzifədə çalışan Vüqar Qaradağlı televiziyaya yenidən qayıtmağına inanmır, lakin...

“Hansısa təklif olsa bəlkə də düşünərəm”, - deyə o, bu haqda fikirlərini qısa cavab verməyi üstün tutur.

Bəs Vüqar müəllimin televiziyadan getməyinə nə səbəb oldu?

Vüqar Qaradağlı deyir ki, vaxtilə elə o bayağı verilişlərlə mübarizəsi onun üzünə televiziya qapılarını bağladı:

“Amma bu 55 illik həyatımdan dəqiq bir şey öyrəndim. Həyat ədalətlidir, həyat bumeranqdır. Bir gün ədalət mütləq öz yerini tapır”.
 

Deyir ki, zamanında onun üzünə ədalətsiz şəkildə qapıları bağlayanların qələmini zaman özü qırıb. Həmin insanlar indi ədalət qarşısında cavab verirlər... O məhkəmə zalından, bu məhkəmə zalına qədər...


Vüqar müəllim düşünür ki, bu ancaq həyatın vərdişidir, zaman, məkan və tale.

Bu üç məvhum onu dalğalandıraraq, televiziya rəhbərliyinə kimi ucalda bilib.

“Evdə olan mühüt, tərbiyə məni uşaqlıqdan elə televiziyaya, radioya və efirə xüsusi hisslər aşılayıb. Ola bilər ki, bunların rolu olub. Nə bilmək olar, həyatdır...”

İllərlə böyük quruma rəhbərlik edən Vüqar müəllim deyir ki, insan rəhbərlikdən əvvəl, mütləq adam olmalıdır. 

Övladlarınızdan yolunuzu davam etdirən varmı? 

“Televiziya mütəxəssisi kimi övladlarımdan heç biri bu sənətin davamçısı deyil”. 

Hazırda tələbə olan övladları ayrı sahələr üzrə təhsil alırlar. 

Eh uşaqlıq...

Uşaqlıq xatirələrindən söhbət düşdükdə Vüqar Qaradağlı Aydın Qaradağlının ocağını ziyarət edən məşhurlardan, cəmiyyətin, incəsənətin ən istedadlı insanları ilə xatırlayır.
 

“Mən uşaq olanda atamın yanına kimlər gəlib - getmirdi ki? Həsən Əbluc, Şahmar Ələkbərov, Səttar Bəhlulzadə, Aqşin Babayev bizim evin daimi qonaqları idi. Onlar sanki evin qonağı yox sakinləri idilər”.


Qaradağların nəsil şəcərəsi...

Vüqar Qaradağlı deyir ki, Qaradağlılar nəsli Cənubi Azərbaycandan illər əvvəl Şimali Azərbaycana gələrək Şuşa şəhərində məskunlaşıblar. Elə Azərbaycanın ilk uşaq dərsliyi də məhz Qaradağlılar nəslinin nümayəndəsinin qələmindən çıxıb:

“Bundan başqa ulu babam həm də Şuşada fəaliyyət göstərən “Məclisi Fəramuşan” poetik məclisinin ən fəal üzvlərindən biri olub. Özü gözəl qəzəlxan idi, gözəl xəttab əsərləri qalıb. On “Qarabağnamə”dən biri mənim babamın qələmindən çıxıb”.

Televiziyanın uzağa apardığı elmi işlər...

Yubilyar bildirir ki, həyatda çox şey edib, Allah ömür verdikcə də daima fəaliyyətdə olacaq. Lakin o, qarşıdan gələn illərdə yarımçıq qalan işlərini tamamlamaq istəyir. Deyir ki, televiziyada fəaliyyəti onu elmi işlərini tamamlamaqdan yayındırıb.
 

Hazırda Vüqar müəllim çaılışır ki, yarımçıq qalan işlərinin nəticəsini görsün. Ona görə də son illərini ciddi elmi araşdırmalarla məşğuldur. Şərqşünaslıq, islam, dilçiliklə bağlı hələ görəcəyi çox iş var. 


Söhbətimizi ənənəvi sualla bitirmək istədim, söhbəti keçənlərə təəssüf üstünə köklədim. Amma açıqca söylədi ki, gəlin elə sualımızı belə qoyaq:

Bu gün o, hansısa hərəkətinə görə xəcalət çəkir, ya yox? 

Onunla razılaşıram, buyurun Vüqar müəllim söz sizdədir...

“Yox, əsla. Keçmiş həyatıma normal baxıram. Düşünürəm ki, nə bacarmışamsa, hansı hərəkət lazım olubsa, onu da etmişəm. Nə tələsmişəm, nə də ki, gecikmişəm. Belə olmalı idi və olub da. Bu qədər bəsit”.

Onun fikrincə alına görünməyən mürəkkəblə çizilən haşiyədən kənara çıxmaq olmur...

Biz də kollektivimiz adından Vüqar Qaradağlını 55 illik yubiley yaşı münasibəti ilə təbrik edirik.

Haqqında eşitdiyimiz ən gözəl söz onun haqqında MÜƏLLİM olub. Ona daima müəllimlik, öyrətmənlik eşqi arzulayırıq! 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO