Bu gün Ağdamın işğaldan azad edilməsinin ilk ildönümüdür. 44 günlük Vətən savaşındakı qələbəmizdən sonra Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş hissəsi qan tökülmədən Ermənistan ordusu tərəfindən boşaldıldı.
Bu gün isə azad və yeni doğulan Ağdamın 1 yaşıdır.
Tarixi hadisə ilə bağlı elə ağdamlıların təsüratlatlarını aldıq.
Yazıçı-jurnalist İlqar Rəsul Bizim.Media-ya açıqlamasında əslində ağdamlıların əsas dərdinin həmişə Şuşa olduğunu deyib:
“Yəqin ki, ağdamlılar ölkədə yeganə toplumdu ki, onların iki şəhəri var: Ağdam və Şuşa... Biz özümüzü Şuşasız təsəvvür etməmişik heç vaxt. Odur ki, əgər Şuşa düşmən əlində qaldığı halda Ağdam işğaldan azad edilsəydi, biz buna ürək dolusu sevinə bilməyəcəkdik.
Hələ üstəlik gedib oraları görmək və Ağdamın xarabalığına baxa-baxa Şuşanın yoxluğunu düşünmək... dəhşət olardı. Ancaq şükürlər olsun ki, dövlət - Ali Baş Komandan və ordumuz bu məsələni layiqincə həll etdi. İndi bizi doğma şəhərimizin xarabalıqları arasında gəzdirən düşüncə gah Ağdamın keçmişi, gah da gələcəyidi”.
Yazıçının sözlərinə görə Ağdam azad olunandan sonra iki dəfə doğma torpağında olub. Hər ikisində təəssüratı həssas və kədərlidir:
“Keçmişdən bizi hər daşı-divarı doğma, özü varlı və qüdrətli şəhər səsləyir, gələcəkdənsə yenə də çox varlı, qüdrətli və gözəl, ancaq hələ ki, bir qədər yad Ağdam qollarını açıb bizi gözləyir.
İndi Azərbaycan köhnə adla doğulacaq təzə, gözəl, çox varlı, qüdrətli, əhalisi işgüzar və ürəkli olan bir şəhərə hamilədir. Əlbəttə ki, dövlət başçısının iradəsi, dövlətimizin qüdrəti sayəsində o şəhər doğulacaq.
O qara xarabalıqların altından ağ şəhər qalxıb ölkənin elm, mədəniyyət, idman, sənaye və ticarət mərkəzlərindən birinə - Azərbaycanın ən varlı şəhərinə çevriləcək. Dövlət gücü çatanı edəcək, yerdə nə əyər-əskik qalsa, onu da ağdamlılar yoluna qoyacaqlar. Hiss etmişəm ki, indi biz ağdamlılar keçmişlə gələcəyin arasında vurnuxuruq.
Bu, hansısa nəhəng məngənə arasında qalmışsan kimi bir hissdir. O hissin içində gələcəyə ümidlər nə qədər işıqlı olsa da, o xarabalıqların arasından keçmiş adamı daha uca səslə çağırır. Hələ ki, biz hamımız Ağdamın keçmişinə tamarzıyıq. Çünki oradakı xəyali yox, gerçək Ağdamdı... Amma yenə də ümid edirəm ki, o xarabalıqların üzərində tikiləcək şəhər, xarabalıqların altında qalan dərdimizi bizə tam unutdurmasa da, xeyli yüngülləşdirəcək...”
Tanınmış jurnalist Mətanət Ağamirli işğaldan azad olunmasının bir ilində Ağdama getdiyini bildirib:
“Ağdamı qayğısız şən əhvalla tərk edən içimdəki uşaqlığım bu gün həm də kövrək, illərin döyəcləyərək möhkəmləndirdiyi ruhumla, qarışıq hisslərlə Ağdama dönür. 28 illik kədərdən sonra gələn bir sevinci necə yaşamaq olarsa, eyni kökdəyəm.
Ağacəkmə aksiyasında iştirak edəcəyəm. Möhtəşəm hisslərdir.Ağdamın yenidən yaşıllaşmasına, canlanmasına, dirçəlməsinə şahid olmaq başqa bir hissdir. Sözlə izah olunması belə çətindir”, - deyə jurnalist qeyd edib.
Alçina Amilqızı, Bizim.Media