Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi.
Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı.
Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu.
MÖVZU İLƏ BAĞLI:
"27 ildən sonra Ağdamda işıq yanacaq" - VİDEO
27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı.
1993-cü il iyulun 23-də Ağdam şəhərini və rayon ərazisinin 73 faizini işğal edən erməni silahlı dəstələri ərazidə görünməmiş vandalizm həyata keçiriblər. Ermənilər 27 il ərzində Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar.
Qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb.
Otuz ilə yaxın erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilən Ağdam indi yenidən tikilir.
Prezidentin mayın 28-də Ağdama səfəri zamanı avtomobil yolunun, yaşayış binasının, Sənaye Parkının, 1 saylı məktəbin yeni binasının təməlinin qoyması, park-meşədə ağac əkməsi rayona yeni nəfəs gətirib. Artıq təsdiq edilmiş Baş Plana əsasən Ağdamda quruculuq dövrü başlayıb.
Baş plana əsasən Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq.
Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Ağdam şəhərində həm fərdi evlər, həm də yüksəkmərtəbəli yaşayış binaları inşa olunacaq. Əhalinin 30 faizi fərdi evlərdə yaşayacaq. Yüksəkmərtəbəli binalar isə Ağdam şəhərinin ərazisinin 30 faizini, əhalinin 70 faizini əhatə edəcək. Hazırda 5 kvartaldan ibarət yaşayış massivinin tikintisinə başlanılması üçün hazırlıq işləri görülür.
Ağdam rayonunda iqtisadiyyatın, yerli istehsalın inkişafına böyük təkan verəcək, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq layihələrdən biri Ağdam Sənaye Parkıdır.
Sənaye parkında sosial sahə, İqtisadi Zonaların İnkişafı Agentliyi üçün mobilizasiya, Qida sənayesi müəssisələri, kiçik istehsal və xidmət müəssisələri, istehsal sahəsi, tikinti materiallarının satışı, TIR parkı, texnika təmiri sahəsi, texniki zona və iri sənaye müəssisələri üçün nəzərdə tutulmuş sahələr olacaq.
Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili planlaşdırılır.
Artıq Ağdam şəhər Cümə məscidinin restavrasiyası üçün hazırlıq işlərinə başlanılıb. İmarət kompleksi, Ağdam Cümə məscidi, Qiyaslı məscidi, Şahbulaq qalası və digər abidələrimiz bölgəni həm də turizm baxımından tanınacaq.
Bizim.Media