Hikmət Hacıyev: “Azərbaycanda bütün xristian məbədləri bərpa olunub”

Hikmət Hacıyev: “Azərbaycanda bütün xristian məbədləri bərpa olunub”

Hazırda oxunan: Hikmət Hacıyev: “Azərbaycanda bütün xristian məbədləri bərpa olunub”

4682

Məşhur “The Washıngton Times” qəzetində Azərbaycan Prezidentinin köməkçisi, - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Azərbaycanda bütün xristian məbədləri bərpa olunub” sərlövhəli məqaləsi dərc edilib.

Hikmət Hacıyev qeyd edib ki, 6 həftəlik müharibə başa çatdıqdan sonra Azərbaycan ərazilərini otuz ilə yaxın müddətdə işğal altında saxlamış Ermənistan silahlı qüvvələri ölkələrinə qayıdıblar.

İndi barışmaq və dağıdılanları bərpa etmək zamanıdır, ancaq bəzi beynəlxalq mətbuat orqanları əsassız olaraq guya Azərbaycanın bu ölkədəki xristian abidələrinə və xristian irsinə qarşı “mədəni soyqırım” törətməyi planlaşdırması barədə ittihamlar irəli sürürlər.

H.Hacıyev qeyd edib ki, belə iddiaları “sübut etmək” üçün dini abidələrin sovet dövründə dağıdılmasına əsaslanan fərziyələr irəli sürülür. Keçmiş SSRİ-nin bütün ərazisində dini binalar dağıdılırdı. Bütün sovet məkanında dini abidələrin bilərəkdən dağıdılması dövlət siyasətinin tərkib hissəsi olub. Stalin rejimi dövründə Moskvada pravoslav kilsələri, Azərbaycanın paytaxtı Bakıdakı Aleksandr Nevski kilsəsi sökülüb, 25 mindən çox məscid dağıdılıb.

Prezidentin köməkçisi bildirib ki, müasir Azərbaycanda bunun tam əksi olan siyasət həyata keçirilir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan çoxkonfessiyalı irsin bərpa edilməsinə tərəfdar olduğunu bütün dünyaya nümayiş etdirib. Bakıdakı erməni kilsəsi 1990-cı ildə hərc-mərclik dövründə zədələnəndən sonra tam bərpa olunub.

Hazırda bu kilsədə yerləşən kitabxanada beş minə yaxın qiymətli erməni əlyazması saxlanılır. Bir neçə il bundan əvvəl Erməni Kilsəsinin başçısı Bakıdakı kilsənin fəxri qonağı olub. Azərbaycan hökuməti tərəfindən Bakıda ayrılmış ərazidə yeni katolik kilsəsi tikilib, bu kilsənin açılışında Roma Papası şəxsən iştirak edib. Köhnə sinaqoqlar bərpa edilib, yeniləri açılıb, yeni yəhudi məktəbləri tikilib.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan hökuməti respublika hüdudlarından kənarda - Vatikan katakombaları, Fransada roman kilsələri, Strasburq kilsəsinin vitrajları kimi dini abidələrin bərpası layihələrinə maliyyə yardımı göstərib.

Ona görə də dünya Azərbaycan rəhbərliyinə inana bilər və inanmalıdır, çünki ölkə rəhbərliyi bizim bu sözlərimizi öz əməli fəaliyyəti ilə təsdiq edir.

Azərbaycan rəhbərliyi açıq elan edib ki, işğal nəticəsində dağıdılmış Qarabağ regionunda xristian və müsəlman irsini bərpa edəcək. UNESCO-nun da həmin layihədə iştirak edəcəyini bildirməsi alqışa layiqdir.

Prezidentin köməkçisi daha sonra qeyd edib ki, Azərbaycan tərəfi 1990-cı illərin əvvəlində 700 minə yaxın azərbaycanlının qovulduğu ərazilərdə ermənilər tərəfindən dağıntılar törədilməsini bilirdi. Dağıdılmış evlərin və dini binaların şəkillərini “Google” axtarış sisteminin xəritələrində görmək olardı. İndi isə bütün bunları əyani şəkildə görmək mümkündür.

İşğal nəticəsində 700-dən çox tarix və mədəniyyət abidəsi, 927 kitabxana, 808 mədəniyyət mərkəzi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən çox artefaktın saxlandığı 22 muzey, 4 rəsm qalereyası, 4 teatr, 2 konsert zalı zədələnib və ya məhv edilib.

Ermənistanın bu dağıdıcı siyasəti hələ də davam edir. BBC teleşirkətinin noyabrda nümayiş etdirdiyi kadrlarda işğal altında olan əraziləri üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq tərk edən ermənilər tərəfindən “azərbaycanlıların oraya gələ bilməmələri üçün” evlərin yandırılması aşkar görünür.

“Hesab edirik ki, Azərbaycanın müxtəlif mədəniyyətlərə və dinlərə həssas münasibəti ibrət götürülməli nümunədir. Bu gün bizim ölkədə azərbaycanlılarla birgə yaşayan minlərlə yəhudi və xristian müsəlman qonşuları ilə birlikdə öz dininə açıq etiqad edir, öz mədəniyyətini təbliğ edir".

"2016-cı ildə Papa Fransisk Bakıda səfərdə olarkən müsəlman, yəhudi və xristian dini liderləri ilə görüşdə xüsusi qeyd edib ki, bu ölkədə “dinlərin qarşılıqlı münasibətləri və xoş niyyətləri əsasında harmoniya qurula bilməsi” təqdirəlayiqdir".

"Biz bəzi şəxslərin uydurma ittihamlarını qəbul edə bilmərik ki, guya Azərbaycan xristian irsinə qarşı təhlükə mənbəyidir. Azərbaycanı işğaldan bu yaxınlarda azad edilmiş ərazilərdə xristian irsinə təhdid yaratmaqda ittiham edənlər nəzərə almalıdırlar ki, Azərbaycan ölkənin qalan ərazisində dini binaları bərpa edib və dini etiqad mərasimlərini təşviq edib”, - deyə Hikmət Hacıyev qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO