“Parkovka”da CƏRİMƏ “bum”u – Meydanda “at oynadan”lar KİMLƏRDİR?

“Parkovka”da CƏRİMƏ “bum”u – Meydanda “at oynadan”lar KİMLƏRDİR?

Hazırda oxunan: “Parkovka”da CƏRİMƏ “bum”u – Meydanda “at oynadan”lar KİMLƏRDİR?

46792

“Parkovka”da özbaşınalıq son həddə çatıb. Sürücülər konkret idarəedicisi müəmmalı qalan şəxslər tərəfindən addımbaşı qanunsuz cərimə olunduqlarından təngə gəliblər. Dəfələrlə bu məsələ gündəmə gətirilsə də, məsələ həllini tapmır. Nə “parkovka” sahəsindəki anlaşılmazlıq çözülür, nə də özbaşınalığa “dur” deyən tapılır. 

Elə ərazilər var ki, səhər kim tez yuxudan oyansa, parkovkanın idarəedicisi o hesab olunur. Bəzən dövlətə məxsus olan parkovka ərazilərinin zəbt olunmasını və ora şlaqbaum yerləşdirildiyinin də şahidi oluruq. Sürücülərin bildirdiyinə görə onlardan pul tələb edən şəxslərin hansı qurumu təmsil etdikləri, yığılan məbləğin kimin cibinə getdiyi məlum deyil. Bəziləri sürücülərə barmaq-göz işarəsi ilə yuxarını göstərərək, sıradan bir adla cavabdehin guya yüksək vəzifəli şəxs olduğunu bildirir, hətta ödəniş etməyənlərə hədə qorxu gəlir. 

Bəs, meydanda “at oynadan”lar kimlərdir?

Görünən odur ki, hazırda parklamaya nəzarət edən qurum yetərincə güclü və əl birliyinə malikdir. Bu məsələdə başda Bakı şəhər İcra Hakimiyyəti olmaqla, yerli icra strukturlarının adı hallanır. Həmin qurumlar bir neçə özəl şirkətlərlə birgə sürücülərin qəniminə çevriliblər. 

Maraqlıdır ki, Bakı Şəhər İcra Hakimiyyəti onların balansında heç bir yerüstü və ya yeraltı dayanacağın olmadığını bildirir. Əlavə olaraq Binəqədi, Səbail və Xətai rayon icra hakimiyytləri ilə əlaqə saxlamağa çalışdıq. Amma telefonlara cavab verən olmadı. Ehtimal ki, yerli icra strukturları da “mer”lərinin eyni açıqlamasını bəyan edəcəklər. 
 

MÖVZU İLƏ BAĞLI:

“Parkovka” DÜYÜNÜ – Vahid parklama qura bilməyən BNA cərimə yığmağa 6 milyon XƏRCLƏYİB


Xatırladaq ki, ölkə başçısı İlham Əliyev 2018-ci ildə Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyətinin təmin edilməsi haqqında sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyində olan avtobus dayanacaqlarını, habelə park və taksi dayanacaqlarının səlahiyyətlərini Bakı Nəqliyyat Agentliyinə ötürüb. Amma Agentlik 3 ildir ki, qanunvericiliklə ona verilən səlahiyyətlə bağlı qayda yarada bilmir. 

Cərimə “bum”u

Nəqliyyat ekspertlərinin fikrincə, cərimə deyilən sanksiya İnzibati Xətalar Məcəlləsində göstərilən hallarda mümkündür. Başqa bir halda vətəndaşa cərimə adında sanksiya tətbiq oluna bilməz. Əgər belə bir hal varsa, bu özbaşınalıqdır və qanunsuzluqdur. İnzibati Xətalar Məcəlləsində belə bir sanksiya yoxdur ki, avtomobili hər hansı saatdan sonra yerləşdirəndə yaxud da, gec götürəndə sanksiya, cərimə tətbiq olunsun. 

Dövlətin balansında olan 15 min “parklanma” nın ünvanları niyə açıqlanmır? 

Nəqliyyat eksperti Eldəniz Cəfərov Bizim.Media-ya açıqlamasında bildirib ki, dövlətin balansında olan parklama yerlərinin ünvanlları aidiyyəti qurumlar tərəfindən açıqlanmır:

“Bakıda maşınla hərəkət edən sürücü bilmir ki, harada saxlasa cərimələnəcək, harada saxlasa cərimələnməyəcək.Cərimələr özləri də çox vaxt cərimə edənlər tərəfindən qanunsuz olaraq həyata keçirilir. Dayanma-durma nişanı qadağası olmayan yerdə belə avtomobili saxlasaq,  cərimə gəlir. Yəni bu gün Bakı şəhərində dayanma-durmaya görə tələb olunan cərimələri əsassız və qanunsuz hesab edirəm. Bu cərimələr ləğv edilməlidir, yaxud cərimə edən qurumlar tərəfindən ödənilməlidir”.

Ekspert sözügedən məsələdə Bakı Nəqliyyat Agentliyinə çağırış edib. O, qurumu “parklanma”dakı özbaşınalıqla bağlı vətəndaşların yanında olmağa səsləyib:
 

“Bakı şəhərində dövlətin balansında 15 min “parklanma” yeri var. Bunu Bakı Nəqliyyat Agentliyinin özü açıqlamışdı. Yaxşı olardı ki, BNA 15 min “parklanma” yerinin ünvanlarını, xəritələrini və ərazilərini açıqlasın.


Fərq etmir bu parklamaların tarifləri müəyyən edilib, ya edilməyib. Bunu cəmiyyət özü həll edəcək. Sadəcə o ünvanlar ictimaiyyətə açıqlansın və hər kəs bilsin ki, avtomobilini harada park edə bilər. Bu ünvanlar cəmiyyətə açıqlanmadıqca, dayanma-durmaya görə başlanan cərimə “bum”u əsassız sayılacaq. Şəxsən bir vətəndaş kimi bu məsələdən narazıyam. Tələb edirəm ki, sözügedən məsələ gizli saxlanılmasın, yaxud dayanma-durmaya görə edilən cərimələr ləğv edilsin. Artıq üçüncü dəfədir ki, media vasitəsilə belə bir müraciət edirəm. Amma nədənsə o ünvanlar açıqlanmır. Bu da məndə şübhə yaradır. Bakı Nəqliyyat Agentliyinin balansında olan parklama yerlərini kim alıb, satıb, talayıb, yaxud icarəyə götürüb, o mənə maraqlı deyil. Maraqlı olan dövlətin balansında olan 15 min dayanacaqdır. Örtülü, qapalı, küçədə olan və s...”

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO