Şahin Seyidzadədən büdcə ilə bağlı TƏKLİF: “Tək dövlətdə deyil, özəldə də ödənişsiz olsun”

Şahin Seyidzadədən büdcə ilə bağlı TƏKLİF: “Tək dövlətdə deyil, özəldə də ödənişsiz olsun”

Hazırda oxunan: Şahin Seyidzadədən büdcə ilə bağlı TƏKLİF: “Tək dövlətdə deyil, özəldə də ödənişsiz olsun”

46567

Deputat Şahin Seyidzadə Milli Məclisin Maliyyə naziri və digər hökümət üzvlərinin iştirakı ilə keçirilən 2022-ci il dövlət büdcəsinin müzakirəsi zamanı üç məsələyə dair fikir və təkliflə çıxış edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə şəxsi “Facebook” hesabında məlumat verib.

Təkliflər şəhid ailəsi statusu almış ailə üzvlərinin ödənişli formada təhsil aldıqda təhsil haqqını ödəməkdən azad olunması, məktəblərin əsaslı təmir/tikintisi və innovasiyanın inkişafına dair olub.

Deputat qeyd edib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən şəhid ailələrinin üzvləri dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlarda ödənişli təhsilə qəbul olunarlarsa, təhsil haqqını ödəməkdən azad olunurlar:

“Təklif edirəm ki, bu kategoriya daxil olan şəxslər dövlətlə yanaşı, həmçinin bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları zaman, təhsil haqqından azad olunmaq ilə bağlı mexanizmin işlənilib hazırlanması istiqamətində işlər aparılsın”.

Şahin Seyidzadənin münasibət bildirdiyi növbəti məsələ Azərbaycan Respublikasının 2022-ci il üçün nəzərdə tutulan investitsiya büdcəsində orta məktəblərin əsaslı təmir və tikintisi ilə bağlı olub:

“Vətəndaşlar tərəfindən daima məktəblərin tikintisi və ya əsaslı təmiri ilə bağlı müraciətlər alırıq. Respublikada mövcud olan 4500-ə yaxın məktəbin təxminən 8%-də, yəni 350-ə yaxın məktəbin yenidən tikintisi və ya əsaslı təmirinə ehtiyac var. Son illər ərzində ölkəmizdə dövlət büdcəsi hesabına eləcə də, Heydər Əliyev Fondunun hesabına tikilən və təmir olunan məktəblərin sayı artsa da, bunlarla yanaşı 2022-ci ilin dövlət büdcəsində əvvəlki illərlə müqayisədə daha çox məktəbin təmiri və tikintisinə vəsaitin ayrılmasını məqsədəuyğun hesab edirəm”.

Deputat 2022-ci il Büdcə zərfində qeyd olunmuş “Rəqabətli İnsan kapitalı və müasir innovasiyalar məkanı” bəndini nəzərə alaraq, sonuncu təklifini bu barədə edib.

“Azərbaycan höküməti yeni innovasiyaların müasir idarəçiliyə gətirilməsində, yeni texnologiyalar əsasında idaretmə metodlarının yaradılmasında, müasir dövrün tələblərinə uyğun insan kapitalının inkişaf etdirilməsində maraqlıdır. Bu baxımdan qeyd olunan innovasiya sahənin inkişafına ayrılacaq məbləğin həcmi, həmçinin onun səmərəli istifadəsinin nəzərə alınması çox vacibdir”, - deyə deputat vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO