"Oğlan uşaqları kişi ruhunda böyüməlidir. O qədər bizim efirlərimizdə oğlanlarla qızlar dostluq elədi ki, qızlar kişiləşib, oğlanlar da qadınlaşıb”deyən ilahiyyatçı Hüseyinli Hacı Təyyar "A24.az”a açıqlamasında bildirdi ki, qadın-kişi hamamı eyni olanda çimərlik də eyni olar.
"Əgər otellərdə bu cürə parametrlər nəzərə alınırsa, əlbəttə ki, bu, düzgün məsələdir. Ümumiyyətlə, qadın-kişi əvvəlcədən körpə qız və oğlan uşağı olublar. Allah tala tərəfindən ayrı-ayrı anatomiyalarda yaradılıblar. Bildiyiniz kimi məktəb yaşında olan uşaqlar artıq yaxşını, pisi ayıra bilir, düşünməyə başlayan yaşlarında təhsilə yönəldilir ki, ona A-nı, B-ni yazıb başa sala bilsinlər. Və yaxud da ana-atadan ayırıb saatlarla tədris mərkəzində saxlamaq üçün uşaq bir qədər böyüməlidir. O da 6 yaş götürülür. İdman sahəsində də belədir.
Müsəlman əhalisi olan ölkə hesab olunduğumuza görə, yəni ölkə əhalisinin 90 faizindən çoxu müsəlmandır, bizim otellərimiz ulduzlarına və konfortuna görə avropalıları nəzərə alıblarsa, bu cür parametrlər olmalıdır. Eləcə də bütövlükdə çoxmilyonlu müsəlman ölkəsinin mədəniyyətini nəzərə alanda otellərdə həmin rahatçılıq təmin edilməlidir.
Oğlan uşaqları da kişi ruhunda böyüməlidir. O qədər bizim efirlərimizdə oğlanlarla qızlar dostluq elədi ki, qızlar kişiləşib, oğlanlar da qadınlaşıb. Deyir, atı atın yanında bağlayarsan, həmrəng olmasa da, həmxasiyyət olar.
Mən bu fikrimi bir dəfə bildirmişəm, yenə də bildirəcəm. Azərbaycanın milli mental dəyərlərində, yəni mental o deməkdir ki, ruhən, qəlbən, genetikasında, tarixi keçmişindən bu günə qədər 21-ci əsr olmasına baxmayaraq, yəni qadın-kişi hamamı eyni olarsa çimərlik də eyni olar. Əgər qadın-kişi hamamı ayrıdırsa, evdə qadın-kişi məsələləri ayrıdırsa… Otellərdə də qadın-kişi hamamı eyni olandan sonra biz qadın-kişi hovuzlarını birləşdirə bilərik. Və yaxud 6 yaşında qız və oğlan uşağını bir yerdə çimizdirmək, onların lüt bədənlərinin açıq görünməsi ana-ata tərbiyəsinə, bizim mədəniyyətimizə uyğun gəlmir”.
İlahiyyatçı mövzu ilə bağlı fikirlərini hədisdən misal çəkərək yekunlaşdırdı:
"Sözümü Muhamməd Peyğəmbərin hədisi ilə bitirmək istərdim: Rəsulullahın yanına 6 ayı tamam olmamış bələkdə körpə gətirirlər ki, uşağın tərbiyəsi ilə bağlı onlara məsləhət versin. Rəsulullah deyir ki, siz gecikmisiniz. Deyirlər ki, axı bu hələ 6 aylıqdır, indi formalaşır. Deyir ata-ansı necə idisə, yəni siz mənfili-müsbətli necə idinizsə, qan vasitəsiylə uşaqdadır və gen vasitəsiylə də atadan keçib. Siz növbəti 6 aya qədər özünüzdə olan mənfi nöqsanları aradan qaldırın ki, uşaq 1 yaş 2 aylığında başqa ata çöhrəsi, başqa ana nəfəsi hiss eləsin. Sonradan kök atmış ağacı əyib düzəltmək olmur. O ya kökündən çıxarılmalı, ya da gərək kəsəsən”.

Sfera.az