Şəkinin Cumakənd kəndində çoxillik sağlam ağaclara qarşı aparılan soyqırımla bağlı məlumat vermişdik. Kəndin Qax rayonuna doğru gedən avtomagistralının ətrafında və bir qədər iç hissələrdə, Əyriçayın, Əyriçay su anbarının sahilindəki yüzlərlə ağacı məhv edənlərin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindəən aşkarlandığını da bildirmişdik.
Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Bizim.Media-ya açıqlamasında Əyriçay vadisində 14 ədəd müxtəlif diametrli qovaq ağaclarının kəsilərək məhv edilməsi faktını təsdiqləyərək, akt tərtib edildiyini və dəymiş ziyanın miqdarının 9500 manat hesablandığını qeyd etmişdi. Xidmət rəisinin sözlərinə görə, hadisəni törədənlər artıq müəyyən edilib və izahatları alınıb.
Bizim.Media-ya növbəti dəfə danışan Hikmət Əlizadə ağacları məhv edənlərlə bağlı işin Şəki Rayon Prokurorluğundan Respublika Baş Prokurorluğuna göndərildiyini deyib.
MÖVZU İLƏ BAĞLI:
Şəkidə “Qırmızı kitab”a düşən ağacların SOYQIRIMI başlayıb – Ekologiya Nazirliyi “qatili” tapacaqmı? - VİDEO
O, soyqırımı həyata keçirənlərlə bağlı hansı cəza tədbirlərinin veriləcəyi səlahiyyətinin sözügedən qurumda olduğunu bildirib.
Xatırladaq ki, əvvəlki yazımızda təqdim etdiyimiz videogörüntülərdə kəsilən ağacların sayı 14 ədəddən dəfələrlə çoxdur. Həmin görüntülərdə 1,5-2 metr hündürlükdə kəsilən ağacların artıq pöhrələnmiş kadrları da var idi. İddialara görə yüzlərlə ağac kənd ərazi nümayəndəsi Mustafa Əliyevin rəhbərliyi altında qırılıb və yerli sahibkarlara yeşik düzəltmək üçün satılıb. Cumakənd ərazi nümayəndəsi Mustafa Əliyev isə saytımıza açıqlamasında ümumiyyətlə belə hadisənin olmadığını, ona qarşı şər-böhtan atıldığını bildirmişdi.
Maraqlıdır, ağacları kütləvi məhv edənlər kimlərdir? Onlarla bağlı hansı ölçü götürüləcək?
Baş Prokurorluğa bununla bağlı dəfələrlə etdiyimiz sorğumuz hələlik cavabsız qalıb.
Alçina Amilqızı, Bizim.Media