Bugünlərdə özəl mühafizə şirkətlərinə qeyri-rəsmi formada yeni qadağa tətbiq olunub. Bu barədə Moderator.az-a daxil olan məlumata görə, mühafizə xidməti ilə məşğul olan şirkətlərə 500 nəfərdən çox şəxsi heyətə sahib olmaq qadağan olunub:
“Məlum qadağaya səbəb hakimiyyətin çoxlu sayda xidmətə yararlı şəxsin bir mərkəzin, daha doğrusu bir şəxsin nəzarəti altında cəmlənməsindən narahatlıq duymasıdır. Hakimiyyət hesab edir ki, yüksək fiziki hazırlığa malik mindən çox şəxsin bir şirkətdə cəmlənməsi rejimin mövcudluğu baxımından təhlükəlidir. “Yuxarılar”ın qənaətincə, faktiki olaraq güc mərkəzi kimi formalaşan bu şirkətlər “müxalif ünsürlərin” təsiri altına düşərək “böhranlı dəqiqələrdə” hakimiyyətə qarşı çevrilə bilər ki, bu da ciddi fəsadlara səbəb ola bilər. Məhz bu səbəbdən də mühafizə şirkətlərinə 500 nəfərdən artıq şəxsi heyətə malik olmaq qadağan edilib. Şirkət rəhbərlərinə edilən xəbərdarlığa görə, qadağanı pozan mühafizə şirkətləri cərimələnəcək və onların fəaliyyətinə xitam veriləcək”.
































































































