Hərbi geyimi qanunsuz daşıyanlarla bağlı məsələ yenidən gündəmə gəlib. Bu günlərdə hərbi geyimdə olan mülki şəxslərin iştirakı ilə avtoxuliqanlıq və dələduzluq hərəkətləri qeydə alınıb. Məlum olub ki, hərbi geyimdə olan və yaxasına medallar asan həmin sürücülərin əksəriyyəti nəinki döyüşdə, ümumiyyətlə, hərbi xidmətdə olmayıb.
Hərbi ekspertlər hesab edir ki, hər bir forma geyinən şəxsə ayrı-ayrılıqda nəzarət etmək mümkün deyil. Bu problemdən çıxış yolu yalnız maariflənmədən keçir.
Bizim.Media-ya mövzu ilə bağlı danışan Ordumuzun ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanov hesab edir ki, hərbi geyimdən sui-istifadə edənlərin cəzalandırılması ilə bağlı tədbirlər daha da sərtləşdirilməlidir:
“Bu məsələ zaman-zaman mətbuatda yer alır. Hərbi geyimə icazəsi olanlar bu formadan istifadə etməlidir. Çünki formanın özünün müəyyən tələbləri var və onu geyən şəxslər müvafiq qaydalara əməl etməlidirlər. Vətən savaşından sonra hərbi geyimdən istifadə edənlərin sayı daha da artıb. Əlbəttə ki, odlu-alovlu müharibədən çıxmış hərbçilərimizin və qazilərimizin hələ də o hisslərlə yaşadığını anlayırıq. Prinsip cəhətdən qazilərimiz hərbi geyimin qaydalarına əməl edirlər. Amma bəziləri bu formadan sui-istifadə edir və şəxsi məqsədlərini həyata keçirirlər. Hətta özlərini müharibə iştirakçıları kimi aparırlar ki, bu yolverilməzdir. Hərbi geyimin ucuzlaşdırılmasından qazi və müharibə veteranlarının özləri də narahatdırlar”.
Hərbi ekspert əlavə edib ki, cəmiyyət olaraq hərbi geyimə hörmətsizlik edən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb etməliyik:
“Müşahidlər göstərir ki, hərbi geyimdən çirkin işlərdə və tikintidə də istifadə edənlər az deyil. Bu cür müqəddəs formanın mahiyyətini və anlamını dərk etməliyik. Bunu hər kəs də geyinə bilməz. Məsələn, ehtiyata buraxılan zabitlərin belə şəxsi işində onların hərbi geyimdən istifadı edib-etməmək hüququ qeyd olunur. Xidmətdən hansısa pis addımı ilə ayrılıbsa, o, sözügedən geyimdən istifadə hüququndan məhrum oluna bilər. Bir sözlə bu formanın istifadəsini qanunvericilikdə əks olunduğu kimi aidiyyəti olmayan şəxslərə qadağan etmək lazımdır”.
Xatırladaq ki, hərbi geyim formasını daşımaq hüququna Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçən bütün hərbi qulluqçular, hərbi litsey kursantları, toplantılara çağırılmış hərbi vəzifəli şəxslər, habelə ehtiyata, yaxud istefaya buraxılmış hərbi geyim forması daşımaq hüququ olan hərbi qulluqçular malikdir.
Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsi qadağandır.
İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi geyim formasını qanunsuz daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək cərimə edilir.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:05 / 11.11.2021
Hərbi geyimdən sui-istifadə edənlər yenə ARTIB - Cəza SƏRTLƏŞDİRİLİR?
Hazırda oxunan: Hərbi geyimdən sui-istifadə edənlər yenə ARTIB - Cəza SƏRTLƏŞDİRİLİR?
Hazırda oxunan: Hərbi geyimdən sui-istifadə edənlər yenə ARTIB - Cəza SƏRTLƏŞDİRİLİR?
45446
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.