"Taleh Vətən Müharibəsində, 2020-ci il oktyabrın 20-də Füzuli döyüşlərində yaralanmışdı. Mənə zəng eləyib dedi ki, müharibədir, hər şey ola bilər, şəhid kimi qayıtsam oğlum olsa, ona mənim adımı qoyarsan".
Bu sözləri Vətən Müharibəsinin şəhidi Taleh Babayevin həyat yoldaşı Ayşən Babayeva Bizim.Media-ya açıqlamasında deyib.
Şəhidlik zirvəsinə yüksəlməyi arzulayan Taleh oktyabrda yaralanır. Sağaldıqdan sonra o, yenidən döyüşməyə qərar verir və 2020-ci il noyabrın 6-da Şuşada şəhid olur.
Dekabrın 2-də igid qəhrəmanın oğlu doğulur və ailə Talehin vəsiyyətinə əməl edərək övladına onun adını qoyur.
İndi şəhid Taleh Babayevin ailəsində 4 övladı böyüyür.
Ayşən Babayeva deyir ki, Taleh cəbhəyə 34 yaşında könüllü yollanıb. O, şəhid həyat yoldaşı ilə son danışdığı günü belə xatırlayır.
"Son dəfə Taleh ilə noyabrın 1-də danışdıq. O, mənə dedi ki, "Şuşanı almaq üzrəyik. Məktəbin yanındayıq. Allaha əmanət olun, uşaqlardan muğayat ol".
Dövlət qurumlarından razılıqla danışan Ayşən Babayeva bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) onları himayəyə götürüb.
Bu gün Talehin ildönümü Quba İcra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının məsul şəxsləri, qazilər və hərbçilər tərəfindən qeyd edilib. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 4 döyüş medalı ilə təltif edilən Taleh Babayev Qubanın Yeni Güləzi kənd məzarlığında uyuyur.
Aytəkin Alxaslı, Bizim.Media