İntiharlar yoluxucu xəstəlik kimi sürətlə yayılır. Bu kabusdan çıxış yolu tapmaq və aciz durumu dəf etmək, şəfası tapılmayan xəstəliyə çevrilib. Müşahidələr göstərir ki, yaşından, ağlından asılı olmayaraq intihar həddinə çatan və özünə qəsd etməyi bacaranlar var.
İntihara səbəb ilk növbədə insanın özünə aqressiv münasibətinin yaranmasıdır. Çox vaxt bu toplumdan olanlar psixoloji yardımdan da imtina edir və psixoloqa görünməkdən yayınırlar.
Onları beyinlərinə hopan yalnız yöntəmlərdən döndərmək də adi insanlar üçün çətin olur.
Faciə odur ki, artıq yeniyetmələr arasında da canına qıyanlar az deyil. Xüsusilə valideynləri tərəfindən müəyyən qədər basqıda olan və adi cəzalanmalar səbəbindən özlərinə qəsd edən uşaqların sayı daha çoxdur.
MÖVZU İLƏ BAĞLI:
9-cu sinif şagirdinin intihar səbəbi telefon olub – FOTO – ÖZƏL
Mütəxəssislərin rəyinə görə 13-18 yaşlı yeniyetmələrin tərbiyəsində və davranışında valideynlər daha çox diqqətli olmalıdırlar. Amma bəzən aşırı diqqət də faciələrlə nəticələnə bilir.
İkisi yeniyetmə olmaqla 3 nəfərin intihar olayı yenidən ölkə gündəmini silkələməyə başlayıb.
Ötən gün Sabirabadın Güdəcühür kəndində 2005-ci il təvəllüdlü Məmmədov Səxavət Ziyəddin oğlu özünü yaşadığı evin həyətində asaraq intihar edib.
Bir gün əvvəl isə Xırdalan sakini 14 yaşlı Qumru Nəsirova əlindən alınan telefona görə özünü qonşu binadan ataraq öldürüb.
Dünən həm də Astara rayonunda gözətçi işləyən 1979-cu il təvəllüdlü Radik Tahirov çalışdığı yerdə özünü asaraq intihar edib.
İntihar hadisələrinin qarşısını almaq üçün profilaktik tədbirlər görülmür. Sadəcə, valideynlərə müəyyən tövsiyyələr verilir və övladlarına görə diqqətli olmağa çağırılır.
Çıxış yolu tapmaqda bu qədərmi acizik?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan tanınmış psixoloq, “HUMEL” psixologiya mərkəzinin rəhbəri Tariyel Faziloğlunun sözlərinə görə Azərbaycan pandemiyadan öncə də güvənsizlik sindromundan qaynaqlanan kütləvi psixoz yaşayırdı:
“Sonra pandemiya insanların sinir sistemini daha da gərginləşdirdi. Kütləvi psixozumuz daha ağır fona keçdi. Ardınca müharibə yaşandı və bu sindrom kütləvi psixozu daha təhlükəli həddə daşıdı. Bu gün Azərbaycan xalqı kütləvi psixozun ağır formasından əziyyət çəkir. İnsanların artıq psixoloji immuniteti sıfır səviyyəsindədir.
Küçəyə çıxın, hamı dava axtarır, hər kəsin üzündə bir gərginlik hiss olunur. Bunun qarşısının alınmasının tək yolu hökumətin ciddi surətdə psixoloji məlumatlandırma və ya psixoloji maarifləndirməyə getməsidir. Bu televiziyalarda, internet məkanlarında olmalı və bunun üzərində ciddi düşünməlidir. Bu gün intihar ölkənin ən təhlükəli problemidir”.
Psixoloqun fikrincə, valideynlər sağlam psixologiyaya sahib olmalıdırlar ki, övladlarını anlaya və atlada bilsinlər:
“Uşaqlardakı emosional durum, harmonal dönəm və dediyimiz yeniyetməlik böhran mərhələləri var. Valideynin özü psixozdan əziyyət çəkirsə, uşaqla necə tolerant davrana bilər? Övladına müəyyən qədər güzəşt etməsi üçün də valideyn psixoloji cəhətdən ona hazır olmalıdır. Çünki psixoz vəziyyət insan özünə nəzarəti itirir. Biz nə qədər arzulasaq da ki, intiharların qarşısı alınsın, bu tip şiddətli xəbərlərin sayı getdikcə artacaq”.
Alçina Amilqızı, Bizim.Media