İki il öncə həbs edilmiş jurnalist Fuad Hüseynovun anası, Ucar rayonu, Nərimanov küçəsi, ev-19-un sakini Hüseynova Susanə Yusif qızı “Yeni Müsavat” vasitəsilə ölkə prezidentinə müraciət edib.
Redaksiyamıza ünvanlanan müraciətdə deyilir: “Bu müraciətdə məqsədim odur ki, mətbuat vasitəsi ilə ölkə başçısına müraciət edib günahsız yerə tutulan oğlum Fuadın azadlığa buraxılmasına xahiş edim. Ailəmizə ağır itki üz verdi: Fuadın dərdinə, haqsızlığa dözə bilməyən atası iflic oldu, infarkt keçirib yataq xəstəsi düşdü, dünyasını dəyişdi. Oğlunun yolunu gözlədi, özgə çiyinlərində son mənzilə yola salındı. Bunu Allah da götürməz”.
Şikayətçinin sözlərinə görə, ortada Fuad Hüseynovun günahsızlığını təsdiqləyən çoxlu sayda konkret və mötəbər sübutlar var: “Zərərçəkən Akif Cəfərov, 27 şahid hamısı məhkəmələrdə ifadə verərək cinayətin baş vermədiyini, ittihamın qabaqcadan vəzifəli şəxslər tərəfindən qurulub hazırlandığını göstəriblər. Bütün bunlar barədə KIV-də mütəmadi yazılar gedib, çıxışlar dərc olunub. Nüfuzlu beynəlxalq təşkilatlar və yerli hüquq-müdafiə qurumları Fuadın qondarma ittihamlarla, şərlənərək həbs edildiyini öz hesabatlarında göstəriblər. Demək olar ki, dünya bu barədə məlumatlıdır. Mən bir ağbirçək ana kimi inanıram ki, prezident İlham Əliyev də bunu bilir. Ümid edirəm ki, cənab prezident buna öz münasibətini bildirəcək, günahsız oğlumu əfv sərəncamı ilə azad edəcək”.
Xatırladaq ki, Fuad Hüseynov Ucar Rayon Məhkəməsinin 26.09.2012-ci il tarixli hökmü ilə CM-nin 221.3-cu maddəsi ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2-saylı cəzaçəkmə müəssisəsində saxlanılır.
































































































