CƏNAB LEYTENANT - “Döyüşün bitməyindən qorxurduq”

CƏNAB LEYTENANT - “Döyüşün bitməyindən qorxurduq”

Hazırda oxunan: CƏNAB LEYTENANT - “Döyüşün bitməyindən qorxurduq”

4440

Fotodan uzaqlara boylanan bir cüt gözləri indi qapıya dikilib, atasının yolun gözləyir ki, baş leytenant indicə gələcək. O da qol açıb qucağına atlanacaq, şıltaqlıq edib, atasının nəvazişini yenidən hiss edəcək.




II Qarabağ savaşında ağır yarlanan baş leytenant Aqil Süleymanovun oğlu Məsuddan danışıram. Məsud atasından uzaqlarda olsa da onun varlığı baş leytenanta Vətən Savaşında güc verir. 

“Mən orda qalıb ölməkdənsə, Məsudu düşünürdüm. Onun boynu bükük qalmasını qəbul edə bilməzdim. Bax bu mənə qüvvət verdi, yaramı unutdum və dayanmadan irəlləyib ərazidən çıxdım”.

Sol ayağından ağır yaralanan Adil Süleymanov bir daha döyüşə qayıda bilmir. Həkimlər ona döyüşə, əsgər yoldaşlarının yanına dönmək imkanının olmayacağını bildirirlər. Bu onunçün ən ağır xəbər olur. İki dəfə əməliyyat olunub. Üçüncü dəfə əməliyyat olunması qaçılmazdır. 

Müharibədən əvvəl isə Dövlət Sosial Müdafiə Fondunun Sosial müavinətlər, təqaüd və kompensasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb. Döyüşlər başlayan kimi Adil Süleymanov könüllü yazılıb:

-2013-2015 - ci illərdə hərbi  xidmətdə olan zaman leytenant rütbəsinə kimi yüksəldim. Məhz hərbidə olan bilik və bacarıqlarım müharibədə iştirak etməyimə şərait yaratdı. Mən getməyim kim getsin bəs? Bir də axı mən Kəlbəcərdənəm, döyüşə getməyə bilməzdim.

Bəli, baş leytenant 3 aydır ki, övladından və ailəsindən ayrı qalsa da ancaq bu ayrılığa heç vaxt peşman olmayacağını deyir:




-Sentyabrın 21-də hərbi çağırış oldu. 27 sentyabrda Murov əməliyyatında iştirak etdim. Bundan sonra, Füzuli Cəbrayıl istiqamətində döyüşdük. Sonuncu döyüşümüz “Qırmızıbazar” deyilən ərazidə oldu.

Baş leytenant elə sonuncu döyüşdə 30 oktyabrda yaralanır. Yaralı vəziyyətdə təxminən 3 km sürünərək neytral əraziyə gəlib çıxa bilir. 10 saatdan sonra oradan təxliyyə olunur:

-Sonuncu döyüşdə 2 erməni dığası gəbərtmişəm. Ən öndə mən və bir də müddətdən artıq qulluq edən əsgər Elvin Axundov var idi. Mən şəxsi heyəti qorumaq məqsədi ilə müxtəlif mövqelərdən atəş açırdım ki, bizim şəxsi heyyət həmin ərazidən çıxa bilsin və bu zaman yaralandım.

Baş leytenant deyir ki, nə ölümdən, nə itkidən qorxurduq:

- Ən çox ondan qorxurduq ki, birdən müharibəni dayandırarlar, torpaqlarımızı tam azad edə bilmərik. Ən çox bu idi bizi qorxudan, müharibənin bitməsi! Bilirsiz, biz savaşda nə gördük.

Azərbaycan millətinin yaradılışından bu günə kimi olmayan birliyi bu müharibədə gördük. Arxa cəbhədən gələn dəstək, oradakı enerjini birə-beş yüksəldirdi. O döyüçlıər vaxtı Azərbaycan bir idi, vahid enerji idi. Ümidvaram ki, bu müharibə bizi başdan-başa təmizləyəcək, arındıracaq və biz yeni, Qalib Millət kimi gələcəyə addımlayacağıq.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO