Azərbaycanda niyə tarixi filmlər çəkilmir? –  ARAŞDIRMA

Azərbaycanda niyə tarixi filmlər çəkilmir? –  ARAŞDIRMA

Hazırda oxunan: Azərbaycanda niyə tarixi filmlər çəkilmir? –  ARAŞDIRMA

43944

Azərbaycanın möhtəşəm bir kino mədəniyyəti və tarixi var. Zamanında çəkilən tarixi filmlərimiz dünyaya səs salmağı bacarıb.  “Qaçaq Nəbi”, “Nəsimi” “Babək” tarixi motivlər əsasında çəkilən filmlərimiz hətta Sovet senzurasını belə yara bilib. Lakin nədənsə son zamanlar kino sahəsində bir susqunluq hökm sürür. 

Türkiyədə “Payitah Abdülhamid”, “Ərtoğrul”, “Muhteşem Yüzyıl” və bunun kimi tarixi motivlərdə çəkilən filmlər nəinki qardaş ölkədə, Azərbaycanda da tamaşaçılar tərəfindən sevə-sevə izlənilir. Lakin çox təəssüf ki, son çəkilən filmlər arasında Azərbaycan tarixinin əks olunduğu ssenarilərə heç bir filmdə rast gəlmək olmur.

Halbuki film sektorumuzun inkişafı üçün dövlət tərəfindən maliyyə vəsaiti də ayrılıb.

Bəs, niyə Azərbaycanda bu gün tariximizi əks edən filmlər çəkilmir? Buna mane olan nədir? Yoxsa, bayağı komediyalar daha asan başa gəlir deyə, rejissorlar ancaq o janra müraciət edirlər?
 

MÖVZU İLƏ BAĞLI:

2-ci Qarabağ müharibəsindən bəhs edən film çəkilir - FOTO


Mövzu ilə bağlı ölkənin məşhur incəsənət xadimləri ilə söhbətləşdik. Onlar – peşəkarlar bu barədə nə düşünürlər?

Sizcə, Azərbaycanda niyə tarixi motivlərə əsaslanan filmlər çəkilmir?

Kinoşünas, Əməkdar İncəsənət xadimi Ayaz Salayev Bizim.Media-ya açıqlamasında bildirib ki, bu gün kino sahəsində bu motivlər əsasında filmlərin çəkilməsinə heç kəsdə həvəs görmür.

“Azərbaycanda mütləq şəkildə tarixi və müharibə motivlərində filmlər çəkilməlidir. İndi buna daha çox ehtiyac var. Amma mən nədənsə buna istək görmürəm. Biz nəinki bu sahədə Türkiyə, digər dövlətlərin təcrübəsindən də yararlana bilərik. Lakin çox təəssüflər olsun ki, hazırda fəaliyyət göstərən kino industriyasında o təcrübəni mənimsəmək istəyini, həvəsini görə bilmirəm”.

Əməkdar İncəsənət xadimi, kinoşünas Aydın Mirzəzadə isə düşünür ki, bu motivlərdə çəkilən filmlərə ən böyük maneə maliyyə vəsaitinin olmamasıdır.

“Hazırda heç tammetrajlı filmlər belə çəkilmir. Çünki, çəkilişlərə tələb olunan maliyyə vəsaiti yoxdur. Biz bunu oturub dövlət hesabına başa gələcəyini gözləməməliyik. Kino sahəsində inkişaf etmiş ölkələrin heç birində dövlət hesabına filmlər çəkilmir. Hazırda Türkiyədə filmlər, serialların əksəriyyəti işadamlarının, özəl şirkətlərin maliyyə hesabına çəkilir. Pulu olan gəlir filmə sponsorluq edir və bununla da pul milyonlarla pul qazanır.
 

Bizdə milyonçular, imkanı olan iş adamları bu sahəyə pul xərcləmirlər, ancaq pullarını yastıqlarının altına yığmaqla məşğuldurlar. Biz pul yığmağa öyrəşmişik. Heç bir biznesmen gəlib kinoya pul ayırmır ki, tariximiz filmlərdə canlandırılsın”.


A.Mirzəzadə həmçinin qeyd edib ki, 90-cı illərdə bəzi iş adamları film sektoruna maliyyə vəsaiti ayırdı və bunun sayəsində bir neçə film ərsəyə gəldi.

“Lakin sonradan bu filmlər ekran üzü görmədilər. Çünki heç kim bu filmlərə baxmaq üçün kinotetrlara getmədi və bu filmlərdə ortada yoxa çıxdı, həm Azərbaycan kino sahəsi, həm də bu işə sərmayə qoyan işadamları itirdi. Sonradan da kino sahəsində bir durğunluq yaşandı. İndiyə qədər də biz bu vəziyyətdən tam olaraq çıxa bilmirik. Mən inanıram ki, ölkə post müharibə dövründən çıxdıqdan sonra yenə dövlət hesabına bu cür filmlər çəkilməyə başlayacaq”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO