Azərbaycanda şəhid anası Vüsalə Məmmədovanın intihara cəhd etdiyini xəbər vermişdik. 2020-ci ilin 17 oktyabrında Kəlbəcər uğrunda gedən döyüşlərdə 21 yaşında şəhadətə yüksələn Sahib Azər oğlu Həsənovun anası Vüsalə Gülbala qızı Məmmədova kirayə pulunu ödəyə bilmədiyi üçün 20-dən artıq dərman qəbul edərək canına qıymaq istəyib.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnarə Baxış Bizim.Media-ya açıqlamasında şəhid anasının durumunu açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda DƏHŞƏT - Kirayə pulunu verə bilməyən şəhid anası intihara cəhd etdi - FOTO
Qurum rəsmisinin sözlərinə görə Akademik Zülfüqar Məmmədov adına Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasından bildirilib ki, xəstə Vüsalə Məmmədova müayinə və müalicə üçün xəstəxanaya yerləşdirilib:
“Hal hazırda vəziyyəti kafidir. İlkin yardım göstərilib və heç bir qan qusması yoxdur. Simptomatik müalicəsi davam etdirilir”, - deyə TƏBİB sözçüsü əlavə edib.
Qeyd edək ki, şəhid Sahib Həsənov Vüsalə Məmmədovanın yeganə övladı idi. Yaşlı anası ilə aylığı 250 manat olan kirayə evdə qalır.
Dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, başçının qəbuluna düşə bilməyib. Kirayə pulunu ödəyə bilmədiyi üçün bu gün intihara cəhd edib.
Alçina Amilqızı, Bizim.Media