Əliyar Əliyevin OĞLU: “Atamı xəyal kimi xatırlayıram”

Əliyar Əliyevin OĞLU: “Atamı xəyal kimi xatırlayıram”

Hazırda oxunan: Əliyar Əliyevin OĞLU: “Atamı xəyal kimi xatırlayıram”

43189

Düz bir əvvəl Rəşadətli ordumuz 28 illik əsirlikdən sonra Qubadlı rayonunu işğaldan azad etdi. Sanki bununla o torpaqlar uğrunda qanlarını, canlarını fəda edən insanların da ruhları azadlıqlarına qovuşdu.

Bu gün Qubadlı elinin qəhrəman oğlu Əliyar Əliyevi xatırlayırıq. Laçın uğrunda şəhid olduğu gün onun sol döş cibində, elə tam ürəyinin başında bir bayraq vardı, üzərində qələbə yazılmışdı.. Əliyar qələbəni bir nəfəs kimi, bir hava kimi gözləyirdi...

Bu gün Əliyar Əliyevi onun yolunu davam etdirən, Vətən müharibəsinin iştirakçısı oğlu Emin Əliyev ilə xatırlayacağıq. 

Emin Qubadlının azad olunduğu günü belə yad edir: 

“Qubadlı azad olunan kimi biz elə ilk olaraq, o qəbirləri ziyarət etdik. Bundan böyük nemət bizim üçün heç nə ola bilməzdi. Mən Ali Baş Komandana və Rəşadətli ordumuzu hamıdan da 2-3 qat daha minnətdaram, çünki 28 il idi ki, Əliyar Əliyev kimi Qubadlının 5 nəfər Milli Qəhrəmanının da məzarı işğal altında idi. Şükürlər olsun ki, bu məzarlar erməni vandallarından təmizləndi”. 


Emin Əliyev atası ilə bağlı xatirələrindən də söz açıb. 

“Mən 1980-ci il təvəllüdəm. Atam 1988-ci ildən başlayaraq erməni vandallarına qarşı vuruşurdu. Onda balaca uşaq idim, o vaxtdan atamın üzünü normal görmürdüm. O, dağda, meşədə ermənilərə qarşı mübarizə aparırdı. Evə arada gecələr gəlirdi, əynini dəyişib yemək yeyib yenidən dincəlmədən səngərə qayıdırdı. Hərdən gecə qalıb səhər tezdən saat 4-5 radələrində döyüşçü yoldaşlarının yanına qayıdırdı. Ona görə atamın görünüşü yaddaşımda xəyalən qalıb. Mən fəxr edirəm ki, bu gün hansı Qubadlı sakinindən soruşsan hamı bir ağızdan Əliyar Əliyevi özləri üçün qəhrəman, ideal seçdiyini deyir. Atam artıq çoxdan insanların yaddaşında, ürəklərində uca məqama yüksəlib. Elə bir qubadlılı tapa bilməzsiniz ki, Əliyar Əliyeva bənzəmək istəməsin”. 

Vətənin hər bir qarışının onun üçün ayrılmaz və əziz olduğunu bildirən Emin Əliyev atasının davamçısı olduğuna görə də böyük qürur hissi keçirdiyini vurğulayıb.


“Mənim üçün fərqi yoxdur Füzuli olsun, Qubadlı olsun və ya  Xocavənd olsun. Vətənin hər bir qarışı bizimdir. Mən çox fəxr edirəm ki,atamın yolunu gedib, Vətən müharibəsində iştirak etdim. Döyüşlərdən sonra Cənab Ali Baş Komandan tərəfindən Cəbrayıl, Füzuli, Qubadlı və  Xocavəndin azad olunmasına görə medallarla təltif olundum”.

Qeyd edək ki, Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının kəndlərini 4 gün ərzində ermənilərdən azad edib.
 

Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının 2 kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına şəhid olur.


Əliyar Əliyev Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub. Əliyar Əliyevə Azərbaycan Prezidentinin sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO