Sevgililərinin evində zorlanan qadınlar -  ölkəmizin artan problemi

Sevgililərinin evində zorlanan qadınlar - ölkəmizin artan problemi

Hazırda oxunan: Sevgililərinin evində zorlanan qadınlar - ölkəmizin artan problemi

4318

Bir neçə gün əvvəl Bakının Xətai rayonunda baş vermiş zorlanma hadisəsi ilə bağlı mətbuatda informasiya getdi.

Gənc qız iki ay əvvəl tanış olduğu və artıq bu müddət ərzində guya sevməyə imkan tapdığı oğlanın  evinə getmək təklifini qəbul edib. Təəssüf ki, artıq bizə bəlli olan hadisə baş verir: Qız inamının və etibarının qurbanı olur, zorlanır.

 Ümumiyyətlə, son dövrlər təəssüf ki, oxşar hadisələr barədə tez-tez eşidirik. Sosial şəbəkələr vasitəsilə oğlanla tanış olan bir qız üzünü görmədiyi, tanımadığı “dostuyla” rahat şəkildə görüşə gedir, bir çox hallarda neqativ, xoşagəlməz situasiyalarla qarşılaşır. Təbii ki, hər kəsin şəxsi və intim həyatı onun özünə məxsusdur. Ancaq baş verənlər onu göstərir ki, hamıdan, hətta valideynlərdən, yaxınlardan  gizlədilən şəxsi həyat cinayətə gətirib çıxarır. Deməli, ortada ciddi bir sosial problem var.

Psixoloq Əjdər Qasımovun fikrincə, belə hadisələr ilk növbədə gənc qızların tanımadıqları, yaxından bələd olmadıqları insanları həyatlarına həddən artıq yaxına buraxmaqlarından doğur: ”Əlbəttə, azərbaycanlı mentalitetini nəzərə alsaq, burada ən böyük məsuliyyət kişilərin üzərinə düşür. Həyatda özünü tapmış, yetkin bir kişi gərək ona etibar eləyən, inanan qadının etibarından və inamından sui-istifadə etməsin. Bilirsiniz ki, həyatımız sosial şəbəkələrdən və texnologiyanın son naliyyətlərindən asılı vəziyyətdədir. Ancaq hamı başa düşməlidir ki, biz virtual aləmdə yaşamırıq. Həyat heç də rəngli ekranlardan görünən filmlər kimi ideal deyil. Həyatın amansız qanunları var. Ona görə də nə qədər Avropa dəyərlərindən, müasirlikdən danışsaq belə, mütləq törəmizdən gələn adət-ənənələri heç vaxt unutmamalıyıq. Qoy, cavan qızlar ünsiyyət qurduqları adamlarla bağlı mütləq valideynləri, özlərindən böyük yaxınları ilə məsləhətləşsinlər. O zaman heç bir xoşagəlməz olaylarla qarşılaşmazlar".

Məsələ ilə bağlı Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, ümumilikdə götürdükdə zorlanma ilə bağlı müraciətlərin statistikası təbii ki, artıb: "Amma zorlanmanın əsas səbəbləri hər zaman dediyimiz bir məsələdə dayanır. Yəni qadına qarşı münasibətin könüllü şəkildə dəyişməsi, qadının əlçatan olması onun obyekt kimi dəyərləndirilməsidir. Evlənmək arzusunda olan sevgililər belə bəzi hallarda seksual şüarı rəhbər tutaraq sevdiyi qızla cinsi münasibətdə olmağı, onu hər hansı formada buna təhrik etməyə cəhd göstərir. Burda bəzi hallarda qınamalar olur ki, sən geridə qalmısan, heç nə başa düşmürsən, hamıda bu münasibətlər var.

Bu bəzi hallarda qeyri-ənənəvi, bəzi hallarda faktiki olaraq zorlanmaqla nəticələnən hadisələrdir. Qız utancaqlıq həddinə çatdırılaraq cinsi münasibətə razılıq veməyə məcbur edilir. Bəzi hallarda zorlanma baş verir. Bəzi hallarda isə zorlanan qadınlar susur. Səbəb onlara olan ittihamlardır. Araşdırma aparan hüquq-mühafizə orqanlarında verilən suallar da onları utandırır. Məsələn, sən filankəsin evində nə gəzirdin, onunla niyə bir otaqda qalırdın? Bu cür suallar baş verdikdə təbii ki, şəxsin müraciəti baş tutmur. Bunu eşitməməkdən ötrü və ətrafdakıların qınaq obyekti olmamaq üçün müraciətlərin sayı azalır. Bu cür halların baş verməməsi üçün ilk növbədə qız uşaqları anaları ilə çox yaxın olmalıdır. Tanıdığı adamla bağlı bəzi məqamları anası ilə bölüşməlidir. Valideyn övlad arasında tarazılıq pozulmamalıdır. Ana öz qızı ilə rəfiqə olsa, qız öz sirlərini başqalarına yox, anasına danışacaq. Bəzən baş verən hadisəni kiminləsə bölüşmədikdə həmin qadın ömrü boyu heç kimlə evlənmir. Hətta ailə qursa belə, tibbi müdaxilələr edərək bakirəliyini bərpa edir və belə ailənin ilk təməli yalanla qurulur".(ATV.AZ)

Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO