“Tezliklə Şuşada Media FM eşidiləcək” - Rüstəm Əliyev görülən işlərdən DANIŞDI - FOTO

Hazırda oxunan: “Tezliklə Şuşada Media FM eşidiləcək” - Rüstəm Əliyev görülən işlərdən DANIŞDI - FOTO

42925

“Azərbaycan radio və televiziya tezliklərini daha çox cəlb etmək üçün Şuşadakı ötürücü stansiyasının qülləsi daha da hündürləşdirilir. Hazırda Şuşada yayım həyata keçirmək üçün müəyyən texniki işlər görülür. Biz artıq ötürücü antena sistemləri alıb, Şuşaya yollamışıq. İnşallah, yəqin ki, yaxın zamanda Media FM-in Şuşadan da səsi gələcək”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında bu gün Suqovuşan və Talış kəndlərində səfərdə olan “Media FM” Radiostansiyasının baş direktoru Rüstəm Əliyev deyib.

Onun sözlərinə görə, səfərdə Azərbaycan Respublikasında fəaliyyət göstərən radiostansiyaların rəhbərləri və təmsilçiləri və media nümayəndələri iştirak ediblər.  

Səfərdə Azərbaycan Respublikası Televiziya və Radio Şurası da iştirak edib. Rüstəm Əliyev səfər barəsində olan təəssüratlarını da Bizim.Media ilə bölüşüb.

“Talış və Suqovuşan kəndlərində döyüşlər gedən mövqelərimizdə, sahələrdə olduq. Quruculuq işləri ilə tanış olduq. Suqovuşanda Su Elektrik stansiyasına da baş çəkdik. Daha sonra ermənilərin azərbaycanlıların yaşadıqları evləri, yerləri necə xarabazara qoyduqlarını öz gözlərimizlə gördük. Ermənilərin bizim mədəni irsimizi necə darmadağın etdiklərini, onların vəhşiliklərinin bir daha şahidi olduq. Cənab Prezident İlham Əliyevin ucaltdığı bayrağın yanında xatirə fotosu çəkdirdik. Bu bizə çox gözəl təəssürat bağışladı”.
 

O, həmçinin qeyd edib ki, daha əvvəl də Füzuli-Şuşa şəhərlərində olub, yaxın zamanlarda da Zəngilan və Xudafərinə də səfərləri planlaşdırılır.


Rüstəm Əliyev işğaldan azad olunan ərazilərdə radio və tv fəaliyyətlərindən də söz açıb.

“Bu yaxınlarda Zəngilanda Azərbaycan televiziya və radiosunun yayımı başladı. İnşallah, yəqin ki, yaxın zamanlarda özəl radio və televiziyalar da həmin o ərazilərdə yayımını bərpa edəcək. Ərazilər bərpa olunduqca, insanlar orada məskunlaşdıqca və yeni infrastruktur qurulduqca bizim tv və radiolarımız da fəaliyyətlərini daha da genişləndirəcəklər”.

Sonda R.Əliyev qeyd edib ki, görülən bu quruculuq işləri həmçinin  kənar dövlətlərdən gələn siqnalların Azərbaycan efir məkanına müdaxiləsinin də qarşısını alacaq. 

“Yəqin ki, yaxın zamanlarda ərazilərimiz işğaldan azad olunduğu kimi, yavaş-yavaş efir məkanımızda kənar müdaxilələrin “işğal”ından qurtulacaq . Bu əsasən İrandan gələn siqnalların qarşısını alacaq. Çünki İran dalğaları bizim efir məkanında çox böyük kirlilik yaradır. Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə öz fəaliyyətlərini davam etdirir”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO